Su təhlükəsizliyi Bakı və Abşeron üçün strateji prioritetdir

15 Yanvar, 17:52

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəallarından Nicat İsmayılovun Voicepress.az-a verdiyi şərhə əsasən, yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən və Bakı şəhəri ilə Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə ölkənin kommunal infrastruktur siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Şərhdə qeyd olunur ki, Prezident İlham Əliyevin su təhlükəsizliyini strateji məsələ kimi prioritetlər sırasında saxlaması təsadüfi deyil. Əhalinin sıx məskunlaşdığı və sürətlə urbanizasiya olunan Bakı və Abşeron üçün su təchizatı artıq təkcə sosial məsələ yox, dayanıqlı inkişaf və milli təhlükəsizlik məsələsinə çevrilib.

Nicat İsmayılovun fikrincə, son illər həyata keçirilən Oğuz–Qəbələ–Bakı və Şollar–Bakı su kəmərləri, eləcə də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu Prezidentin uzunmüddətli planlaşdırmaya əsaslanan siyasətinin real nəticəsidir və paytaxtın su təminatında keyfiyyətli dönüş yaradıb.

Şərhdə o da vurğulanır ki, dövlət başçısının mövcud problemləri açıq şəkildə dilə gətirməsi və yeni çağırışlara diqqət çəkməsi idarəçilikdə şəffaf və məsuliyyətli yanaşmanın göstəricisidir. Xüsusilə yeni su anbarlarının tikintisi, su itkilərinin minimuma endirilməsi və sayğaclaşdırmanın 100 faizə çatdırılması ilə bağlı verilən tapşırıqlar iqlim dəyişiklikləri fonunda strateji əhəmiyyət daşıyır.

Nicat İsmayılov bildirib ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasının uzunmüddətli su təhlükəsizliyini təmin etməklə yanaşı, ekoloji tarazlığın qorunmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Şərhdə Prezident İlham Əliyevin proqramın icrası ilə bağlı səsləndirdiyi “bir gün də yubanma olmamalıdır” fikrinin icra strukturları üçün açıq siyasi iradə və ciddi məsuliyyət mesajı olduğu xüsusi qeyd olunur.

 

Voicepress