Bakı və Abşeron üçün su təhlükəsizliyinin strateji konsepsiyası formalaşır

15 Yanvar, 18:01

Yeni Azərbaycan Partiyası Yasamal rayon “Moskva prospekti 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini Kamran Quliyevin Voicepress.az-a verdiyi şərhə əsasən, yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə Azərbaycanın su təsərrüfatı siyasətində yeni və strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Şərhdə qeyd olunur ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər təkcə mövcud vəziyyətin təhlili deyil, eyni zamanda qarşıdakı onillik üçün aydın yol xəritəsidir. Dövlət başçısı son illər ərzində ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin əsas problemləri böyük ölçüdə həll etdiyini vurğulayaraq, su təsərrüfatının bu inkişaf xəttinin ayrılmaz tərkib hissəsi olduğunu xüsusi qeyd edib.

Kamran Quliyevin fikrincə, Oğuz–Qəbələ–Bakı su kəməri, Taxtakörpü və Ceyranbatan su anbarları kimi layihələr milyonlarla insanın keyfiyyətli içməli suya çıxışını təmin etməklə yanaşı, Prezident İlham Əliyevin vətəndaş rifahına əsaslanan dövlət siyasətinin real nəticələridir. Bununla yanaşı, Bakı və Abşeron ərazisində əhali artımı, urbanizasiya və iqtisadi aktivliyin genişlənməsi suya olan tələbatı daha da artırır və yeni yanaşmalar tələb edir.

Şərhdə vurğulanır ki, məhz bu reallıqlar nəzərə alınaraq hazırlanmış 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas məqsədi Bakı və Abşeron yarımadasında dayanıqlı, fasiləsiz və keyfiyyətli su təminatını uzunmüddətli perspektivdə təmin etməkdir. Proqram çərçivəsində yağış və tullantı sularının müasir standartlara uyğun idarə olunması, şəhər mühitinin sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin gücləndirilməsi əsas prioritetlər sırasındadır.

Kamran Quliyev bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri təxminən 30-a yaxın yeni su anbarının tikintisidir. Bu anbarlar iqlim dəyişiklikləri fonunda artan risklərə qarşı strateji ehtiyat mexanizmi rolunu oynayacaq və paytaxtın su təhlükəsizliyini gücləndirəcək.

Şərhdə o da qeyd olunur ki, sayğaclaşdırmanın 100 faizə çatdırılması yalnız texniki tədbir deyil, həm də su ehtiyatlarının səmərəli idarə olunması və ictimai məsuliyyətin artırılması baxımından mühüm addımdır. Bu yanaşma su itkilərinin azaldılmasına və resurslardan daha səmərəli istifadəyə imkan verəcək.

Kamran Quliyevin fikrincə, mövcud su şəbəkələrinin yenilənməsi, yağış sularının idarə olunması üçün yeni kollektor sistemlərinin qurulması və tullantı sularının müasir texnologiyalarla təmizlənməsi Bakı və Abşeron üçün ekoloji və sosial baxımdan ciddi əhəmiyyət daşıyır.

Şərhdə vurğulanır ki, Prezident İlham Əliyevin proqramın icrası ilə bağlı ortaya qoyduğu qəti siyasi iradə bu sahədə icra intizamının, şəffaflığın və məsuliyyətli idarəetmənin əsas təminatıdır. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron yarımadasının dayanıqlı inkişafına və gələcək nəsillər üçün etibarlı su təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.

 

VOİCEPRESS