Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəallarından Fərid Mustafayevin Voicepress.az-a verdiyi şərhə əsasən, Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 12-də keçirilən müşavirə Bakı şəhəri və Abşeron yarımadasında su təsərrüfatı sahəsində görülmüş işlərin nəticələrinin qiymətləndirilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Şərhdə qeyd olunur ki, dövlət başçısının çıxışında su təchizatı, yağış və tullantı sularının idarə olunması təkcə kommunal xidmət kimi deyil, ölkənin sosial-iqtisadi inkişafı, ekoloji balansın qorunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə birbaşa bağlı olan strateji sahə kimi dəyərləndirilib. Müşavirədə səsləndirilən fikirlər ötən dövrdə görülmüş işlərin miqyasını və qarşıdakı mərhələdə planlaşdırılan tədbirlərin sistemli xarakter daşıdığını aydın şəkildə ortaya qoyub.
Fərid Mustafayevin fikrincə, Bakı şəhəri və Abşeron yarımadasının su təsərrüfatı infrastrukturu uzun illər ərzində sürətli urbanizasiya, əhali artımı və iqtisadi aktivliyin genişlənməsi fonunda ciddi yüklənmə ilə üzləşib. Məhz bu səbəbdən dövlət tərəfindən qəbul edilən ardıcıl qərarlar və icra olunan irimiqyaslı layihələr mövcud vəziyyətin köklü şəkildə dəyişməsinə imkan verib. Su mənbələrinin istismarında yeni yanaşmalar tətbiq olunub, magistral kəmərlərin ötürücülük qabiliyyəti artırılıb, paylayıcı şəbəkələrin əhəmiyyətli hissəsi yenilənib.
Şərhdə vurğulanır ki, infrastrukturun yenilənməsi yalnız fiziki obyektlərin tikintisi ilə məhdudlaşmayıb. Paralel olaraq idarəetmə mexanizmləri müasirləşdirilib, texniki nəzarət və xidmət sistemləri təkmilləşdirilib, rəqəmsal həllərin tətbiqi nəticəsində şəbəkənin vəziyyətinə real vaxt rejimində nəzarət imkanları formalaşıb. Bu isə risklərin vaxtında müəyyənləşdirilməsinə və operativ müdaxiləyə şərait yaradıb.
Fərid Mustafayev bildirib ki, mövcud infrastruktur problemlərinin əsas hissəsinin həll edilməsi növbəti mərhələdə diqqətin inkişafın keyfiyyətcə yeni mərhələsinə yönəldilməsinə imkan verir. Bu baxımdan qlobal iqlim dəyişiklikləri və artan tələbat fonunda təxminən 30-a yaxın yeni su anbarının tikintisi strateji qərar kimi çıxış edir. Yeni anbarlar su ehtiyatlarının mövsümi tənzimlənməsinə, sistemin yüklənməsinin azaldılmasına və fövqəladə hallarda alternativ təminat imkanlarının yaradılmasına xidmət edəcək.
Şərhdə qeyd olunur ki, su təsərrüfatında səmərəliliyin artırılmasının əsas şərtlərindən biri də istehlakın dəqiq uçotudur. Sayğaclaşdırmanın 100 faizə çatdırılması suyun istifadəsində şəffaflığın təmin olunmasına, itkilərin azalmasına və planlaşdırmanın daha obyektiv əsaslar üzərində qurulmasına imkan verəcək. Bu yanaşma eyni zamanda vətəndaşlarda suya məsuliyyətli münasibətin və qənaət mədəniyyətinin formalaşmasına töhfə verəcək.
Fərid Mustafayevin fikrincə, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasının su təsərrüfatı sisteminin inkişafında yeni mərhələnin başlanğıcıdır. Proqram su təchizatı ilə yanaşı, yağış və tullantı sularının idarə olunmasını, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsini və institusional idarəetmənin təkmilləşdirilməsini də əhatə edən kompleks sənəddir.
Şərhdə vurğulanır ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə müəyyən edilən prioritetlər Bakı və Abşeronun su təsərrüfatında uzunmüddətli dayanıqlığın təmin olunmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və regionun sosial-iqtisadi inkişafının davamlı xarakter almasına xidmət edir.
Voicepress








