21 avqust 2025-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi əhəmiyyət kəsb edən bir hadisə kimi yadda qaldı. Dövlət başçısının iştirakı ilə gerçəkləşən açılış və təməlqoyma mərasimləri, Kəlbəcərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi. Bu səfərin ən önəmli məqamlarından biri isə Kəlbəcər sakinləri ilə keçirilən səmimi görüş oldu. Çünki 32 illik həsrətdən sonra öz yurduna qayıdan kəlbəcərlilər artıq müasir infrastrukturla təmin olunmuş şəhərdə ləyaqətlə yaşamaq imkanına sahibdirlər. Bu, dövlətimizin gücünün, Prezident İlham Əliyevin qətiyyətli iradəsinin bariz təzahürüdür.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev tarixi çıxışında Azərbaycan xalqının uzun illər ədalətin bərpasını səbirsizliklə gözlədiyini vurğulayıb: “Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız. Biz haqqımızı bərpa etdik. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”
Dövlət başçısı işğal dövründə xalqın yaşadığı çətinliklərdən, beynəlxalq müstəvidə aparılan mübarizədən və Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs edərək, bu gün Kəlbəcərdə həyata keçirilən quruculuq proseslərinin geniş miqyasını xüsusi olaraq qeyd edib. Səfər çərçivəsində Prezident İlham Əliyev Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak edib. Bununla yanaşı, Kəlbəcər şəhərinin sakinlərinə yeni mənzillərin açarları təqdim olunub, 3-cü və 4-cü yaşayış komplekslərinin, Kəlbəcər şəhər parkının təməli qoyulub. “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” da dövlət başçısının iştirakı ilə istifadəyə verilib. “Böyük Qayıdış” proqramının ilk mərhələsi çərçivəsində 10 mindən çox kəlbəcərli ailənin mənzillərlə təmin olunması nəzərdə tutulub. Paralel olaraq şəhərdə məktəblərin, xəstəxanaların, yolların, enerji və rabitə xətlərinin bərpası sürətlə davam edir. Prezidentin sözlərinə görə, Kəlbəcər yaxın illərdə dünyanın ən gözəl və müasir yaşayış məntəqələrindən birinə çevriləcək.
Ölkə başçısı çıxışında həmçinin Ermənistanın işğalçılıq siyasətindən, beynəlxalq havadarlarının planlarından və Azərbaycanın qətiyyətli mövqeyindən danışaraq bildirib: “Biz tam Qələbə qazandıq, düşməni kapitulyasiyaya məcbur etdik. Ancaq məqsədimiz yalnız müharibə aparmaq deyil. Bizim işimiz quruculuqdur, Kəlbəcər də bunun ən gözəl nümunəsidir.”
Prezident İlham Əliyev Ermənistanla imzalanmış sülh sazişinə də toxunaraq, Azərbaycanın regionda sabitlik və inkişafın təminatçısı olduğunu diqqətə çatdırıb.
Bütün bunlarla yanaşı dövlətimizin başçısı çıxışında Azərbaycanın quruculuqla yanaşı, həm də müdafiə sahəsində qətiyyətli siyasət yürütməsinin vacibliyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, xalqımız heç vaxt sülhdən imtina etmir, lakin hər an müharibəyə hazır olmalıdır:
“Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb.”
Bu çıxış bir daha təsdiq etdi ki, Azərbaycanın apardığı daxili və xarici siyasət müstəqil siyasətdir. Onun əsas prioritetləri torpaqlarımızın tam suverenliyi, ərazi bütövlüyümüzün təmin edilməsi və Azərbaycan xalqının rifahıdır.
Prezident İlham Əliyevin Kəlbəcərdəki bəyanatı dost ölkələr üçün də, düşmən qüvvələr üçün də açıq mesaj oldu. Hazırda regional və beynəlxalq miqyasda sülh prosesi ilə bağlı müxtəlif təşəbbüslər ortaya atılsa da, Azərbaycan tərəfi öz prinsipial mövqeyindən dönmür. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanın Vaşinqtonda verdiyi bəyanatlar və paraflanan maddələr göstərdi ki, rəsmi Bakı sülhün tərəfdarıdır. Lakin bu sülhü pozmaq istəyən qüvvələrin hər hansı vasitəçilik oyunları ilə Azərbaycana təzyiq etməsi mümkün deyil.
Prezident İlham Əliyevin sözləri bir daha göstərdi ki, Azərbaycan dövlətinin gücü yalnız hərbi sahədə deyil, həm də siyasi qətiyyətindədir. Kəlbəcər səfəri həm Böyük Qayıdışın uğurla davam etdiyini, həm də Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən mühüm tarixi məqam oldu. Bu səfər göstərdi ki, Kəlbəcər yeni dövrün astanasındadır. Dağıntılar arxada qalıb, onların yerini müasir şəhərsalma layihələri, güclü infrastruktur və firavan həyat tutmaqdadır.