Türkiyənin Yalova şəhərində yerləşən Yalova Universitetində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbiri və rəsm sərgisi təşkil edilib. Yalova Universitetinin Türk Yurdu Topluluğu və Türk Ocaqları Yalova Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirdə Azərbaycan şəhidləri yad edilib, Qarabağ Qələbəsi vurğulanıb. Universitetin akademik və inzibati heyəti, eləcə də tələbələr tərəfindən böyük maraqla qarşılanan sərgi xüsusilə azərbaycanlı tələbələrin iştirakı ilə daha da mənalı olub.
Anım mərasimi sayğı duruşu ilə başlayıb və Xocalıda baş vermiş qətliamın ağrılı xatirələri bir daha diqqətə çatdırılıb. Sərgidə Xocalı soyqırımının dəhşətlərini əks etdirən əsərlər nümayiş etdirilib, iştirakçılara faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi ilə bağlı mühüm mesajlar verilib.
Tədbirdə çıxış edən Türk Yurdu Topluluğunun sədri Erol Kaya Türk tarixinin fədakarlıqlarla dolu olduğunu vurğulayaraq bunları deyib:
“Türkün tarixində qansız və silahsız verilmiş bir qarış torpaq belə yoxdur və olmayacaq! Bu gün, 33 il əvvəl qətlə yetirilən soydaşlarımızın canı bahasına, 4 il əvvəl yenidən qazandığımız torpaqlardan danışmaq şərəfinə nail olmuşuq. Türkün töresinə yaraşmayan üsullarla itirilən hər qarış torpaq, dünyanın heyrətlə izləyəcəyi bir şəkildə yenidən Türklüyə qaytarılacaq. Türkün qara taleyinə zülm yazanlar azadlığın təcəssümünü gec-tez görəcəklər. Necə ki, bir neçə il əvvəl rəhmətlə andığımız Xocalı şəhidlərini bu gün Qələbəmizin rəmzi olaraq xatırlayırıqsa, bu gündən sonra da əsir türk yurdlarının azadlığı və gələcəyi uğrunda mübarizəni birinci vəzifəmiz bilirik. Dualarımızın sonu, diləklərimizin əvvəlidir: Tanrı Türkü qorusun!”
Türkiyədə keçirilən bu mühüm tədbir Xocalı faciəsinin unudulmaması, Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb edirdi. Keçmişin ağrılarını unutmadan gələcəyə daha güclü baxmaq və Türk birliyinin vacibliyini vurğulamaq məqsədilə təşkil olunan bu tədbir universitet ictimaiyyətində dərin iz buraxdı.
Farman Musazade