Azərbaycan ilə Britaniyanın müttəfiqliyin pərdəarxası

15 Yanvar, 13:23

Böyük Britaniya Qərbin Azərbaycana qarşı xor kampaniyasına qoşulmur, əksinə, daha böyük ideallarla Cənubi Qafqazın lider dövlətinin yanında yer almağa çalışır. Son illərdə baş verən bir sıra proseslərdə biz bunun əyani nümayişini görürük. Londonun Bakını özünə dost qismində görməsinin tarixi səbəbləri də var.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dünyanın fövqəldövlətlərindən biri olan Böyük Britaniya güc siyasəti metodlarını müxtəlif formalarda həyata keçirir və ekspansiyasının sərhədlərini dünyanın dörd bir yanına doğru uzadır. London Ukrayna müharibəsinin başlanacağını əvvəldən hesablayaraq özünü Avropa İttifaqı ailəsinin üzvlüyündən xaric etdi. Bununla da meydana çıxa biləcək saysız-hesabsız risklərdən minimal itkilərlə sığortalanan nəticələrə kökləndi.

Böyük Britaniya Avropa İttifaqından sipər kimi istifadə etməklə qoca qitədəki hökmranlığının davamını gətirir və paralel olaraq Asiya qitəsindəki nüfuz arealını genişləndirir. London gah süni əlaqələr vasitəsilə, gah da açıq tərəfdaşlıq prinsipləri ilə öz məqsədlərinə doğru mətin addımlarla irəliləyir.

Britaniya bu gün də keçmişi ilə yaşayır

Yəni nə Ukraynadakı müharibə, nə dünyanın digər coğrafiyalarındakı irili-xırdalı münaqişələr vaxtı ilə kolonial siyasətdə master-klass keçmiş Böyük Britaniyanın ekspansiya siyasətini dayandırmır. Britaniya özünə yön alan təhdidlərin önlənməsində Avropa İttifaqından qalxan kimi istifadə edir, eyni zamanda yeri gələndə Avropanın mühafizəçisi kimi rol alır. Çünki Avropa İttifaqının təhlükəli zəhərli təhdidlərlə üzləşməsi Britaniyanın özünün maraqlarını zərbə altında qoyur.

Böyük Britaniya xaricilərin torpaqlarına, üfürdükcə şarın üzərində genişlənən nöqtələr nəzərilə baxır. Yəni regionlarda üfürülən hər bir gücü öz yanına doğru çəkməklə onları strateji tərəfdaş qisminə çatdırır.

London qlobal qüvvələr tarazlığına məxsusi önəm verir və bu balansın pozulmasını mutasiyaya uğramış siyasi varlıqlar dünyaya gətirən proses kimi qiymətləndirir.

Buna görə də Britaniyanın arqumentləri daha dərindir. O, həm yaradır, həm yönləndirir, həm də “öldürür”, ta o zamana qədər ki, öz strateji hədəfləri istənilən nəticələri versin.

Güc siyasətində Azərbaycanın yeri

Britaniya güc siyasətini stimullaşdıraraq regional güclərin həssas tellərinə necə toxunmaq lazım olduğunu yaxşı bilir. Ancaq regional balansı tamamilə öz xeyirlərinə dəyişdirə bilən qüvvələrin strateji hesablamaları Londonu daha ehtiyatlı və çoxkombinasiyalı gedişlərə vadar edir. Buradan isə ortaya bir model çıxır: güc nisbətindəki uğurlu dövlətlərlə tərəfdaşlığa strateji baxışı dəyişdirmək.

Baxışlardakı redaktələrin nişanələrini Britaniyanın Cənubi Qafqaz siyasətində görmək olur. Elə buradan start götürərək Britaniyanın Azərbaycanın strateji tərəfdaşına çevrilməsinə işıq salmaq zərurəti meydana çıxır.

Böyük Britaniya Qərbin Azərbaycana qarşı xor kampaniyasına qoşulmur, əksinə, daha böyük ideallarla Cənubi Qafqazın lider dövlətinin yanında yer almağa çalışır.

Böyük Britaniyanın Azərbaycanı dost qismində görməsinin tarixi səbəbləri də var. O mənada ki, vaxtı ilə London regionu Rusiyaya uduzmuşdu. SSRİ-nin dağılmasından sonra isə Böyük Britaniya 70 illik nisgilini Moskva üzərində qələbə ilə əvəzləmək üçün Cənubi Qafqaza girişdi və Bakının enerji cazibəsinin təsirində dövrə vurmağa başladı.

Pərdəarxasındakı yönləndirmədə məharətli ustad olan Böyük Britaniya heyrətamiz uğurlarla Moskvanın təsirini neytrallaşdırdı. London xarici siyasətinin “sağ qolu” olan BP vasitəsilə Azərbaycandakı enerji resurslarının istismarında pay sahibi oldu və beləliklə, strateji tabloda Bakının xeyrinə dönüş başlandı.

Böyük Britaniya İkinci Qarabağ Müharibəsində Azərbaycana siyasi dəstək göstərməklə sadiqliyini nümayiş etdirdi və böyük maraqla Cənubi Qafqazda yaranacaq yeni reallıqlara hazırlandı.

İzlər dörd istiqamətə aparır

Bununla da Britaniya Cənubi Qafqazdakı postmünaqişə reallıqlarında maraqlarının izlərini regiona möhür kimi qoydu. Bu ləpirlərin Britaniyanı hara aparması isə maraqlı nüansları üzə çıxara bilər.

Birinci, düşünmək lazımdır ki, görəsən, Britaniya postkonflikt gerçəkliklərinin hansı başqa nəticələrə səbəb olacağını hesablayır?

Bu sual ətrafında var-gəl edərkən qlobal planlarda İrana qarı səylərin birləşdirilməsi cəhdlərinin üzərindən sükutla keçmək düzgün olmaz.

Deməli, Böyük Britaniyanın bəlkə də birinci hədəflərindən biri İrana qarşı tutumunu genişləndirmək üçün regiondakı yeni reallıqlardan yararlanmaqdır.

İkinci istiqamət Rusiya ilə əlaqəlidir, Britaniya Cənubi Qafqazı Rusiyanın izolyasiyasından qurtarmaq və Kremlin mövqelərini dağıtmaq prinsipini əlində rəhbər tuta bilər. Azərbaycanın Ermənistan üzərindəki həlledici qələbəsi Britaniyaya bu şansı verir. Hərçənd ki, Moskvanın qəliblərini sındırmaq elə də asan məsələ deyil.

Üçüncü axarda Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə Britaniyanın ağlabatan strateji nəticələrə nail olmaq istəkləri dayanır. Britaniya açılması gözlənilən dəhlizin strateji açarlarını əlində tutmaq niyyətində ola bilər.

Dördüncü, Britaniya Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki “yaşıl enerji”nin inkişaf etdirilməsi ilə gələcəyin enerji xəritəsində özünün həlledici pay sahibi olmasını və layihələrə çıxış məqsədlərini tamamlamaq istəyir.

Britaniya Fransanın Cənubi Qafqazdakı maraqlarını çıxdaş edir?

Britaniya hədəflərinə çatmaq üçün Azərbaycanı həm ikitərəfli münasibətlər, həm də çoxvektorlu platformalarda dəstəkləməyə davam edə bilər. Bu qənaətə gəlmək olar ki, London Azərbaycanı təhlükəsizlik üçün tutarlı kəşfiyyat məlumatları ilə təmin edəcək.

Britaniya Azərbaycan-Türkiyə strateji müttəfiqliyini, Azərbaycan-Türkiyə-Pakistan üçbucağını gücləndirməyi, Türk Dövlətləri Təşkilatını dəstəkləməklə, Fransanın Cənubi Qafqazdakı maraqlarını çıxdaş edib, öz profilini gücləndirə bilər.