Fransa rəsmilərinin Azərbaycanda aktivləri dondurulacaq – BƏYANAT

16 Noyabr, 20:13

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib.

Xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı Ramin Məmmədov oxuyub.

Bəyanatda deyilir:

“Azərbaycan Fransanı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərə hörmət etməyə çağırır. 30 il işğala göz yuman, səs verdiyi qətnamələri Ermənistandan tələb etməyən Fransa bu gün Ermənistanın ərazi bütövlüyünün pozulduğunu bildirir. Fransa Senatının bu kimi çıxışları Cənubi Qafqazda sülhə mane olmaq niyyəti daşıyır.

Müstəmləkə illərində Fransanın törətdiyi soyqırımıları hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var. Bu kimi hadisələr təbii ki, Fransanın siyasi tarixindən silinməyəcək. Əlcəzairdə bir milyondan çox insan Fransa tərəfindən qətlə yetirilib.

Eyni zamanda hələ də mina xəritələrini Fransa Əlcazairə düzgün təqdim etməyib. Bu gün dünyada minadan əziyyət çəkən ölkələrdən biri də Əlcəzairdir. Fransanın rolunu hazırda Cənubi Qafqazda Ermənistan davam etdirir. Bu gün Ermənistan hələ də düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib. Qondarma dövlətdə əhalinin insan hüquqlarını tələb edən Fransanın hüquqdan danışmağa haqqı yoxdur. Fransada irqçi, müsəlmanlara qarşı fobiyanın olması hər kəsə məlumdur”.

Bəyanatda, həmçinin Milli Məclisin bir sıra təkliflər irəli sürdüyü qeyd olunub. Həmin təkliflər aşağıdakılardır:

– Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyən qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması

– Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması

– Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi,

– Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması

– Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması

– Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması

– İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamafobiya siyasətinin gündəliyə çıxarılması.

– Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması

Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.