“Əl-Qaidə” lideri Ayman əz-Zəvahiri Əfqanıstanda hava hücumu nəticəsində öldürülüb. ABŞ prezidenti Bayden ailəsi ilə birlikdə Kabildə gizləndiyi aşkarlanan Zəvahiriyə qarşı əməliyyatın bazar günü onun razılığı ilə həyata keçirildiyini bildirib.
Voicepress.az xəbər verir ki, Ağ Evin həyətində kameralar qarşısına keçən Bayden ABŞ kəşfiyyatının ilin əvvəlindən Zəvahirini izlədiyini bildirib.
Zəvahirinin ailəsi ilə birlikdə Kabildə gizləndiyinin müəyyən edildiyini ifadə edən ABŞ prezidenti, “Bir həftə əvvəl şərtlərin münasib olduğunu bildirdikdən sonra Zəvahirinin vurulmasına razılıq verdim. Missiya uğurlu alındı. Ailəsindən heç biri üzvləri yaralanıb və mülki əhali arasında itki yoxdur”.
“Zavahiri getdi və bir daha Əfqanıstanı terrorçular üçün təhlükəsiz sığınacaq etməyəcək və biz buna əmin olacağıq. Bu terrorçu lider artıq yoxdur”, – Bayden deyib.
Zəvahiriyə qarşı əməliyyatla “ədalət”in bərqərar olduğunu qeyd edən Bayden, 11 sentyabr 2001-ci il hücumlarında həyatını itirənlərin ailələrinə yardım edildiyini bildirib.
“Bu gecə biz bir daha açıqlayırıq ki, nə qədər vaxt aparsa da, harda gizlənsəniz, xalqımız üçün təhlükə olsanız, Birləşmiş Ştatlar sizi tapıb uzaqlaşdıracaq”, – Bayden deyib.
Zəvahiriyə qarşı əməliyyatı “uğur” kimi xarakterizə edən Bayden, ABŞ kəşfiyyat bölmələrinə bu mövzuda “qeyri-adi əzmkarlıq və bacarıqlarına” görə təşəkkür edib.
Qeyd edək ki, Misirli Zəvahiri “Əl-Qaidə” terror təşkilatının əsas strateqi olub.
Onun 2000-ci ildə Yəməndə 17 ABŞ əsgərinin ölümünə səbəb olan hücumu və 1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfirliklərində 224 nəfərin ölümü ilə nəticələnən partlayışları təşkil etdiyi güman edilirdi.
Zəvahiri 2011-ci ildə Bin Laden öldürüldükdən sonra təşkilata rəhbərlik edib.
ABŞ 11 sentyabr hücumlarını planlaşdıranlardan biri olan Zəvahirinin başına 25 milyon dollar mükafat qoyub.
\voicepress.az\