Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən 2 milyon 800 min kvadratmetr sahədə dənizi dolduraraq inşa edilən nəhəng layihə sona çatıb. Təməli 2017-ci ildə atılan Rizə-Artvin Hava Limanının tikintisində 100 milyon ton daşdan istifadə edilib.
Voicepress.az “Milliyyət”ə istinadən xəbər verir ki, ildə 3 milyon sərnişinin istifadəsi üçün nəzərdə tutulan Rizə-Artvin Hava Limanının tikintisi 1 milyard 78 milyon lirəyə başa gəlib.
Hava limanında uzunluğu 3 min metr, eni 45 metr olan uçuş-enmə zolağında uçuşa nəzarət təyyarəsi və naviqasiya cihazlarının işə salınması ilə sınaq uçuşu həyata keçirilib.
135 min kvadratmetrdən çox landşaft sahəsi olan hava limanının 49 min kvadratmetri Qara dənizin coğrafi xüsusiyyətlərinə uyğun olaraq 1453 ağacla yaşıllaşdırılıb. Ən son ekoloji tənzimləmələr edilən hava limanına ilk eniş mayın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevi daşıyan təyyarələrlə həyata keçiriləcək.
\voicepress.az\