Fransanın həmrəylik, muxtariyyət və əlillər naziri Damien Abad bir neçə qadını zorlamaqda ittiham olunur.
Voicepress.az xəbər verir ki, “The Guardian” yazdığına görə, Fransanın həmrəylik, muxtariyyət və əlillər naziri Damien Abadın adı bir neçə qadını zorlamaqla bağlı skandalda hallanır. Nəşrin məlumatına görə, siyasətçi 2010 və 2011-ci illərdə baş vermiş iki zorlanma hadisəsində şübhəli bilinir.
Mayın 20-də nazir təyin olunan Abad bütün ittihamları qəti şəkildə rədd edir. Siyasətçinin sözlərinə görə, o, uşaqlıqdan artroqripozdan əziyyət çəkdiyinə görə onun cinsi zorakılığa təşəbbüs göstərməsi mümkün deyil: “Həyatım boyu yaşadığım cinsi əlaqələr həmişə razılıq əsasında olub. Bu ittihamlar məni və ətrafımdakıları çox incidəcək. Əlilliyim məsələsini gündəmə gətirməkdən həmişə qaçmışam. Mən özümü müdafiə etmək və hətta ittiham olunan hərəkətlərin fiziki cəhətdən qeyri-mümkün olduğunu izah etmək üçün intim şeylər haqqında təfərrüata varmaq üçün indi bunu etməyə məcburam. Bir daha təkrar edirəm, həyatımda heç bir qadına təcavüz etməmişəm”, deyə Abad iddialara cavab olaraq bildirib.
Nazirin vurğuladığı kimi, o, tutduğu vəzifədən getməyə hazırlaşmır, çünki özünü tamamilə günahsız hesab edir və belə bir addım üçün heç bir səbəb görmür. Üstəlik, Abad fransızları onların problemləri ilə yaxından maraqlanacağına inandırıb.
Qeyd edək ki, fransalı nazirə qarşı iddiaları ilk olaraq Mediapart portalı dərc edib.