Ailədaxili mübahisələrdə tərəflər niyə ortaq nəticəyə gələ bilmir?

25 May, 11:35

Ailədaxili mübahisələr zamanı tərəflərin günahı bir-birinin üstünə ataraq yaranan problemdən ortaq məxrəci tapa bilməməsi əsas problemlərdən biridir. Mütəxəssislərin 20 il boyunca 200 evli cütlük üzərində apardığı araşdırmaların nəticəsinə görə, ailələrin dağılmasında ən əhəmiyyətli səbəb tərəflərin problemlərdən çıxış yolu tapa bilmək bacarığına sahib ola bilməməsidir. Saatlarla hətta günlərlə davam edən ailə daxili mübahisələrdə  tərəflər niyə ortaq nəticəyə gələ bilmir. Ailə münasibətlərində sağlam müzakirələrin olmazsa, olmazları nələrdir?

Mövzu ətrafında suallarımıza cavab tapmaq üçün psixoloq Könül Telmanqızının fikirlərini öyrəndik. Könül xanım deyir ki, ailələrdə tərəflərin mübahisələri normal olsa da ortaq məxcərəcə gəlinmədiyi zaman artıq böhrana çevrilir. Psixloqun fikrincə ailədaxili mübahisələrdə tərəflər qarşısındakının nə dediyinə deyil, öz söylədiyinə köklənir:

“Ümumiyyətlə son zamanlarda ailə münaqişələrinin ortaq bir məxrəcə gəlməməsi problemi daha çox diqqətə çarpır.  Ailədaxili münasibətlərdə bir çox problemlərin olması normaldır, amma ortaq məxrəcə gəlinməyəndə bu artıq böhrana çevrilir.

Xüsusilə yeni ailə quran gənclər problemlərin həllində ortaq məxrəcə gələ bilmir.  Bəzən belə fikir səslənir ki, ailə institutunun dağılmasında  məişət problemləridir. Məncə bu əsas səbəb deyil. Praktka dövrümdə mənə müaricət edən bir çox gənc ailələr, ailə qurmazdan əvvəl münasibətlərinin  daha fərqli olduğunu, ailə qurduqdan sonra isə ortaq məxrəcə gələ bilmədiklərini dilə gətirirlər.

Ancaq gənclər anlamalıdır ki, ailə həyatında heç də hər şey  yaxşı olmaya bilər. Ona görə də cütlüklərin bir-birini tanıması çox vacibdir. Əgər cütlüklər bir-birini yaxşı tanısa gələcəkdə bu cür problemlər də baş qaldırmaz. Sevgililik, nişanlılıq dövründən sonra bu cür cütlüklər evləndikdən sonra əsasən ötən günlərin axtarışında olurlar. Bu vəziyyətdə də təbii olaraq ailə həyatı düzəninə uyğunlaşa bilmirlər və psixoloji problemlər meydana çıxır.  Düşünürəm ki, ümumiyyətlə tərəflər əvvəlcədən özlərini ailə həyatına hazır hiss etməlidir çətinliklərə hazırlaşmalı, yaranacaq çətinliklərlə baş etməyin yollarını bilməlidir”.

Könül Telmanqızı ailələrdə gərginliyti artıran səbəblərdən birinin də tərəflər arasında ünsiyyətin düzgün tənzimlənməməsi olduğunu deyir:

“Ailə həyatı dövrünə qədəm qoyduqda tərəfləroin qarşılaşdıqları davamlı münasibət gərginliyi tərəflər arasında ünsiyyətin düzgün tənzimlənməməsi problemindən qaynaqlanır. Yəni qarşılıqlı hörmət olarsa ailə ünsiyyətə doğru şəkildə girəcək və bir -birilərini anlayacaqlar.  Cütlüklərin münaqişə zamanı ortaq məxrəcə gələ bilməmələrinin əsas səbəblərindən biri də hər ik tərəfin özünü günahkar bilməməs,  təmizə çıxartmaq üçün çabalamasıdır. Ailədə böyük davalar heç də hər zaman böyük səbəblərdən qaynaqlanmır. Kimi zaman ev işlərini paylaşmaq, kimi zaman uşaqların təlim-tərbiyəsi, kimi zaman qaynana problemləri, kimi zaman da maddi xərclər cütlüklər arasında mübahisələrə, davalara gətirib çıxara bilir. Mübahisələr zamanı tərəflərin ən çox yol verdiyi səhv isə bir-birini günahlandırmaqdır.

 

Ona görə də münaqişə böyüyür, münasiqşə böyüdükcə də ortaq məxrəcə gəlmək mümkünsüz olur. Əgər hər iki tərəf ailə münaqişəsində sakitləşərək  öz səhvlərini etiraf edərsə sakit tonda danışaraq ünsiyyəti bərpa edərlərsə yaranan münaqişə aşırı həddə gəlib çıxmayacaq və ailələr daha xoşbəxt sakit yaşamağa başlayacaq”.

Məsələdən çıxış yolu varmı?

“Məsələdən çıxış yolu yalnız düzgün ünsiyyətə bağlıdır. Yaxşı olar ki, ailələr çətinliklərin həll yollarını tapmağı öyrənsinlər. Cütlüklər yalnız özlərini düşünməməlidir. Evdə böyüyən körpələri də nəzərə almağı bacarmalıdırlar. Çünki münaqişəli ailələrdə böyüyən uşaqlarda bir çox ciddi psixoloji travmalar yaranır. Böyük Britaniyada və digər ökələrdə uzun illər ərzində ailədə və inkişaf dövründə uşaqların davranışlarının uzunmüddətli müşahidələrinə əsaslanan tədqiqatlar onu göstərir ki, artıq 6 aylıq körpədə evdəki münaqişəli vəziyyət nəticəsində ürək döyüntüsü arta və kortizol stress hormonu inkişaf edə bilər. Ailədəki münaqişələr uşaqların təhsilinə də təsir göstərir. Müxtəlif yaşlı uşaqlarda dərin və xroniki ailə münaqişəsinin nəticəsi olaraq beynin inkişafı pozuntularının, yuxu pozğunluğu, narahatlıq, depressiya, davranış və digər ciddi problemlərin əlamətləri meydana çıxa bilər. Buna bənzər problemlər mütəmadi olaraq münaqişə mühitində yaşayan uşaqlarda müşahidə olunur. Öz aralarında razılığa gələn və mübahisəli məsələləri həll edən valideynlərin uşaqlarında isə bu hallara az rast gəlinir və ya ümumiyyətlə yoxdur.

Sonda qeyd etmək istəyirəm ki, ruh və zehinin hazır olmadığı hadisələr vücuda təsir göstərir bunun nəticəsində də ailədaxili münasiqşələr baş qaldırır. Yaxşı olar ki, ailə quran gənclərimiz ruhən salam olsun. Sağlam ruh sağlam ailə deməkdir. Dünya şirindir can əziz. Şirin dünyanın xətrinə əziz canınızın qədrini bilin.”

 Günel Musa \voicepress.az\