ABŞ-dan Rusiyaya Ermənistan mesajı

5 May, 17:02

Ötən gün ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strateji Mülki Nüvə Əməkdaşlığı sazişini imzalayıblar.

Voicepress.az ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ Dövlət Departamentində görüşüb. Blinken və Mirzoyan ABŞ-Ermənistan Strateji Mülki Nüvə Əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıblar.

ABŞ Dövlət Katibi Blinken verdiyi açıqlamada, “Bu görüşlərin əsas məqsədi ABŞ və Ermənistan arasında strateji dialoqu yenidən başlamaqdır ki, burada əməkdaşlıq və sahələri qorumaq üçün əlaqələrimizi dərinləşdirməyə və gücləndirməyə davam edə bilərik”.
ABŞ və Ermənistan arasında memorandumun imzalanması ilə bağlı Blinken deyib: “Bu, ABŞ və Ermənistan üçün yeni əməkdaşlıq imkanları açır. Düşünürəm ki, bu, bizim aramızda olan ikitərəfli əlaqələri gücləndirir”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxışında “Bu il biz iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu illər ərzində biz demokratiya, insan haqları və qanunun aliliyi kimi ümumi dəyərlərə əsaslanan çox güclü əlaqələr qurmağa nail olmuşuq. Bu sessiyada biz demokratik islahatlarımıza, ədliyyə islahatlarına, bank və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi yollarına, korrupsiyaya qarşı mübarizənin qarşısının alınmasına və s.”, deyə bildirib.

Daha sonra Ermənistan XİN başçısı Mirzoyan “Biz ABŞ-ın islahatlarımızı dəstəkləmək səylərini və Ermənistanın enerji sektorunun inkişafına verdiyi dəstəyi yüksək qiymətləndiririk. Mən burada Mülki Nüvə Əməkdaşlığımıza dair anlaşma memorandumunu imzalamaqdan qürur duyuram. Bölgəmizdə sülh və sabitliyə yönəlmiş tərəfdaşlığımızda ABŞ-ın mühüm rolunu da vurğulamaq istərdim”,deyərək, qeyd edib.

ABŞ-ın bu həmləsi birmənalı olaraq regionda sülh və əminamanlığa qarşı hesablanmış bir addımdır demək olar. Belə ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması məqsədi ilə irəli sürdüyü 5 təklifin ardından, Ukrayna-Rusiya arasında gedən qızğın müharibə zamanı ABŞ-ın Rusiyanın forpostu kimi tanınan Ermənistanla nüvə əməkdaşlıq sazişi imzalamasının nəticəsidir ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Paralamentinin kürsüsündən Azərbaycanın göndərdiyi təklifləri qəbul etməyəcəklərini bildirib. Paşinyan çıxışında bildirib ki, 44 günlük müharibə zamanı “Qarabağın bir hissəsini Azərbaycan torpağı kimi tanımasaydıq müharibəni müvəqqəti dayandıra bilməyəcəkdik”.

Buradan da anlamaq olur ki, rəsmi İrəvan bu çıxışları ilə növbəti müharibəyə zəmin yaratmış olmaqla yanaşı, Türkiyə Ermənistan arasındakı normallaşma mərhələsini də heç başlamadan dondurmuş oldular.

Digər tərəfdən Ermənistanla ABŞ arasında bağlanan müqavilə Ermənistan daxilində Sorosçuların hökmlərinin Rusiya yönlülərin hökmündən ağır gəldiyini söyləməyə əsas verir. Görəsən rəsmi Moskva Ermənistanı izinsiz bu addımı ilə bağlı nə qərar verəcək? Yoxsa ikinci Ukrayna qaynar nöqtəsi Ermənistandadamı başlayacaq?

Ülkər Fərmanqızı\voicepress.az\