Musa Quliyev: “İşğalçı Ermənistan layiqincə cəzalandırılsaydı, bu gün biz Rusiya Ukrayna müharibəsini də görməzdik…”

6 Mart, 22:17

 

Bu gün Ukrayna və Rusiya arasında çox şiddətli müharibə gedir”. Bunu Voicepress.az-a açıqlamasında Millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, dünyanın ən güclü dövlətləri Ukraynanı dəstəkləyir və Ukraynanın ərazi bütövlüyünü tanıyır:

“Eyni zamanda Rusiyanın öz qoşunlarını Ukrayna ərazisindən geri çəksi üçün Rusiyaya qarşı müxtəlif təzyiqlər edilir və iqtisadi, siyasi sanksiyalar tətbiq edilir. Rusiyanı Beynəlxalq Haaqa Məhkəməsinə verməklə də təhdid edir  və onun məhkəmə tərəfindən cəzalandırılmasını tələb edirlər. Çox təəsüf edirəm ki, dünya birliyi eyni bu həmrəyliyi 2020 ci ildə Qarabağ müharibəsi zamanı göstərmədi. Ermənilərə qarşı heç bir sanksiya tətbiq edilmədi.

Ermənilərə qarşı heç bir istiqsadi və siyasi təzyiqlər olunmadı. Bu da onu göstərir ki, dünyada hadisələrə ikili standartlarla yanaşma var. 30 ilə yaxın müddətdə Ermənistan BMT-nin qəbul etdiyi qətnamələri icra etmədi və dünya birliyi də, buna göz yumdu. ATƏT-in Misnks Qrupunun daimi həmsədrləri  Rusiya, Amerika və Fransa nümayəndələri olsa da, 30 ilə yaxın müddətdə onlar da Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində heç bir iş görmədilər. Onlar sadəcə bölgəyə turistik səfərlər edərək, bu prosesi 30 ilə yaxın müddətə qədər uzatdılar. Bununla yanaşı Azərbaycan xalqını mövcud vəziyyətlə barışmağa və öz torpaqlarını unutmağa sövq edəcək süni şərait yaradırdılar. Amma Azərbaycan xalqı heç bir zaman işğalla barışa bilməzdi. Azərbaycan xalqı Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həmrəylik nümayiş etdirdi, qardaş Türkiyənin, Pakistanın və bir sıra Azərbaycana mütərəqqi olan dövlətlərin siyasi və mənəvi dəstəyinə arxalanaraq, öz torpaqlarını işğaldan azad etdi. Beləliklə dünya ictimaiyyətinin illərdir seyirici qaldığı erməni işğalına Azərbaycan son qoydu.

Həmin 44 günlük müharibədə də biz ikili standartların şahidi olduq. Həmin zaman ölkə prezidenti dünyanın 30 dan çox tanınmış televiziya və xəbər saytlarına müsahibələr verdi. Bir çox xarici ölkələri təmsil edən media orqanlarının nümayəndələri açıq şəkildə ermənipərəstlik nümayiş etdirirdilər. Müharibədən sonra yenə də bir sıra Avropa dövlətləri tərəfindən, o cümlədən Fransa tərəfindən qeyri adekvat addımlarla qarşılaşdıq.

Yaxşı ki, biz bu tendensiyaları Ukrayna Rusiya müharibəsi zamanı görmürük. Zamanında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı ikili standartlar tətbiq edilsə də, bu gün Ukraynanın ərazi bütövlüyünün təmin olunması naminə dünya birliyinin həmrəy olması təqdirəlayiq haldır.

Amma 1991-1993 cü illərdə Azərbaycan ərazisini işğal edən Ermənistana dünya birliyi belə təqyiq etsəydi, Ermənistanın məkirli siyasətini dayandırmaq adına diplomatik, iqtisadi və ya istənilən siyasi sanksiyalarla qarşısını almağa çalışsaydı, işğalçı Ermənistan layiqincə cəzalandırılsaydı, bu gün biz Rusiya Ukrayna müharibəsini də görməzdik…”

 

 

Ülkər Fərmanqızı/VOİCEPRESS.AZ