Bu günlərdə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Azərbaycanda artıq çaylara və digər su mənbələrinə nasoslar qoyub su götürmək üçün pul ödəmək lazım gələcəyini bildirib.
Səttarzadə çaylardan və digər su mənbələrindən götürülən suya görə pul ödənilməsi zərurətinin bu günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənən sudan ödənişli istifadə qaydalarından irəli gəldiyini vurğulayıb və Nazirlər Kabinetinin yeni qaydalarına belə şərh verib:
“Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir”.
“Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb. Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir. Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək”, – nazir müşaviri bildirib.
R.Səttarzadənin sözlərinə görə, hələlik suda üzmək, çaydan ovucla su götürüb içmək pulsuzdur. Suya görə ödəniş yalnız texniki qurğularla su götürənlərə aid olacaq. Bundan başqa fərdi şəkildə həyətdə artezian quyuları qazdırıb yeraltı mənbələrdən su götürmək daha havayı olmayacaq, bunun üçün pul vermək lazım gələcək. Yəni hələlik suyu ovuclayıb içmək ödənişsizdir. Qeyd olunan „hələlik“ kəliməsi isə gələcəkdə çaydan ovucla su içmək də ödənişli ola biləcəyinə işarədir.
Çay və yeraltı suların ödənişli olmasına ictimaiyyətin münasibəti isə birmənalı deyil. Sözügedən məsələ sosial şəbəkədə vətəndaşların və fermer təsərrüfatı ilə məşğul olanların narazılığına səbəb olub. Bəs mütəxəssislər necə düşünür?
“Birbaşa olaraq bizim Konstitusiyamızla ziddiyyət təşkil edir”

Ekoloq-Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar Voicepress.az-a verdiyi açıqlamada üzərində işlənilən bu qərarı müzakirə mərhələsində olsa belə normal hesab etmədiyini bildirdi. Onun sözlərinə görə hazırda həyata keçirməyə çalışdıqları bu qanun birbaşa Azərbaycan Kansitutsiyası ilə zidiyyət təşkil edir:
„Bildiyimə görə bu bir qərar layihəsidir və hələki müzakirə mərhələsindədir. Amma müzakirə mərhələsində olsa belə mən bunu normal hesab etmirəm. Ona görə ki, bu birbaşa olaraq bizim Konstitusiyamızla ziddiyyət təşkil edir. Konstitusiyada deyilir ki, „Azərbaycanın yeraltı və yürüstü sərvətləri onun xalqına məxsusdur“. Yerlatı sərvət olan suyu vətəndaşa satmaq doğru deyil. İndiyənə qədər xalqın pulsuz istifadə etdiyi bir şeyin xalqa satılması ciddi narazılığa səbəb olacaq. Onsuz da suvarma məsələsində fermerlər fərdi təsərrüfat sahibləri uzun illərdir əziyyət çəkirlər bu qərardan sonra çətinlikləri bir qədər də artacaq və belə olduğu halda bahalaşma qaçılmazdır.“
Cəmşid Bəxtiyar onu da qeyd etdi ki, onsuz da bəzi bölgələrdə uzun illərdir kanal və arx suları pulsuz deyildi, ununla bağlı bir çox qanun pozuntularına dair faktlar da mövcuddur:
„Onu da qeyd edim ki, hətta bu qərar, təklif olmadan da indinin özündə bir çox bölgələrdə arxlardan, su kanallarından suvarmada istifadə üçün götürülən suya görə istər vətəndaşlar, istər fermerler ödəniş edir. Yəni onsuz da pulsuz deyildi. Bunun özü də ayrıca qanun pozuntusudur. Sözügedən qanun qüvvəyə minərsə qanunsuz yol ilə pul qazanaların əl-qolu bir az da açılacaq. Kənd yerində yaşayan hərhansı bir insan öz həyətyanı sahsində meyvə -tərəvəz becərib məişət dolanışığını təmin edib, müəyyən hissəsini isə bazara çıxara bilirdisə bundan sonra bu heç də sərfəli olmayacaq. Ona görə də çox anormal bir qərardır. Hətta bunun üzərində müzakirə aparmaq belə yolverilməzdir„
“Bizdə hələ də sovet dövründən qalmış streotiplər hökm sürür”.

Millət vəkili Nəsib Məhəmmədəliyev isə hesab edir ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Sudan ödənişli istifadə Qaydalarının” təsdiq olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasını, ifrat israfçılığın qarşısının alınmasını və əhalinin keyfiyyətli içməli su ilə təchizatına yönəlik tədbirlərin həyata keçirilməsini şərtləndirəcəkdir:
“İlk növbədə qeyd etmək yerinə düşər ki, müasir dünyanın bir çox ölkələri içməli su problemi ilə qarşılaşır. Yer kürəsində təxminən 2 milyard insan içməli su çatışmamamazlığından əziyyət çəkir. İqlim dəyişikliyi, sürətlə səhralaşma və bir çox ekoloji problemlər, gələcəkdə içməli su probleminin daha qabarıq şəkildə özünü biruzə verəcəyindən xəbər verir. Cənubi Qafqaz regionunda isə, su resurslarına görə ən az ehtiyatlara malik ölkə Azərbaycandır. Yerüstü su mənbələri ölkə xaricində formalaşır. Eyni zamanda son illərin davamlı quraqlıq keçməsi, çayların məcrasının kəskin aşağı düşməsinə səbəb olub.
Yeni qaydalara əsasən, texniki qurğular, avadanlıqlar vasitəsilə, ümumiyyətlə istənilən su obyektlərindən, mənbələrindən su götürmə ödənişli əsaslarla həyata keçiriləcək. Həm hüquqi, həm də fiziki şəxslər, istifadə olunan suyun həcminə müvafiq ödəmələr etməlidirlər.
Dünyanın əksər ölkələri ilə müqayisədə Azərbaycanda tariflər kifayət qədər aşağıdır. Düşünürəm ki, problem əsasən sudan ifrat israfçılıqla bağlıdır. Etiraf etməliyik ki, bizdə hələ də sovet dövründən qalmış streotiplər hökm sürür. Ölkənin bölgələrində on minlərlə artezian və yaxud subartezian quyularının 24 saat ərzində nəzarətsiz şəkildə axmasının şahidi oluruq. Təbii ki, yeraltı və yerüstü su ehtiyatlarından səmərəli istifadə olunmasa, gələcəkdə daha ciddi problemlər qaçılmazdır. Digər ölkələrlə müqayisədə Azərbaycanda içməli su tariflərinə gəldikdə isə, hesab edirəm ki, burada əhalinin orta yaşayış səviyyəsi, ödəmə qabiliyyəti və digər meyarlar əsas götürülməlidir. Bir daha qeyd edirəm ki, başlıca məqsəd həm içməli, həm də texniki sulardan səmərəli, qənaətlə istifadə etməyi öyrənməliyik.“
Nəsib Məmmədəliyev onu da vurğulayıb ki, yeni qaydalara əsasən tariflər 3 ay müddətində tam müəyyənləşək, bütün məsələlərə tam aydınlıq gətiriləcək:
“Mülkiyyət hüququndan, şəxsi və yaxud dövlət vəsaiti ilə qazılmasından asılı olmayaraq, bütün artezianlar, yeraltı su mənbələri Ekologoya və Təbii Sərvətlər Nazirliyində qeydiyyatdan keçməli və istifadə etdikləri suyun həcminə müvafiq ödəniş etməlidirlər. Bu bütün dünyada belədir. Əldə olunan gəlir isə, təbii, içməli və texniki su infrastrukturunun inkişafına, yeni su ehtiyatlarının yaradılmasına yönəldiləcəkdir. Mən şəxsən ödənişsiz su verilən ölkə tanımıram.“
“Buna əslində, çoxdan əməl etmək lazım idi”
İqtisadçı jurnalist Pərviz Heydərov hesab edir ki, Nazirlər Kabinetinin ölkədə sudan istifadəyə görə yeni ödənişlərin tədbiqinə dair tələblə bağlı qərarı zərurətdən irəli gələrək verilib:

“Su təbii sərvətdir və odur ki, ondan istifadə də müəyyən qaydalara əsaslanmalı və bu sahədə müvafiq nəzarət mexanizmi fəaliyyət göstərməlidir. Buna əslində, çoxdan əməl etmək lazım idi. Xüsusən də o baxımdan ki, həm dünyada, həm ölkəmizdə içməli və texniki su ehtiyatları və istifadəsi sahəsində ciddi problemlər mövcuddur və getdikcə də bu problemlər daha çox kəskinləşməkdədir.“
Su sahəsində ciddi problemlər mövcudluğuna toxunan Pərviz Heydərov, əhalinin məsələnin ciddiyyətinin fərqinə bir o qədər də varmadığını qeyd edib:
“Halbuki, hökumət səviyyəsində bir neçə dəfə dövlət başçısının sədrliyi ilə su ehtiyatları və ondan istifadə ilə bağlı iclaslar və müşavirələr keçirilib və bu zaman dönə-dönə səsləndirilib ki, ölkəmizi içməli, o cümlədən texniki su ilə bağlı məsələlərdə yaxın perspektivdə çox ciddi təhlükə gözləyir. Bu, bütün dünya üzrə belədir, Azərbaycan da dünyanın bir parçası olduğundan tədbirlər görülməsə, çox ciddi böhranla üzləşə bilərik.
Bunun bir səbəbi iqlim şəraiti ilə bağlıdır. Bu, regionlarda torpaq, ev təsərrüfatı sahibləri tərəfindən əyani hiss olunur. İkinci səbəbi isə, sudan istifadəyə nəzarətin olmaması və nəticədə kəskin israfçılıq, itkilərlə bağlıdır. Ona görə də sudan istifadə, istehlak qaydalarına dövlət tərəfindən nəzarətin təmin olunması və bunu durmadan gücləndirmək, bu sahədə müvafiq ödəniş sistemi tədbiq etmək və qiymət siyasəti yürütmək vacib hesab olunur. Ölkə iqtisadiyyatının inkişafı, xüsusən kənd təsərrüfında və ərzaq təhlükəsizliyimizin təmin olunması sarıdan bu, hökumətin qarşısında duran ən ümdə məsələlərdən biri sayılır“.
“Çay və göl sularından istifadəyə ödənişlərin tədbiqi digər sahələrdə qiymətlərə təsir göstərəcəkmi?” sualına isə iqtisadçı belə cavab verdi:
„Sözsüz ki, digər sahələrdə qiymətlərə təsirsiz ötüşməyəcək. Yəni, bu, qaçılmaz xarakter daşıyır. Xüsusən də nəzərə alsaq ki, müəyyən olunacaq yeni qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər suyun həcminə görə ödənişlər həyata keçirəcəklər. Düzdür, bu zaman differensiallaşdırılma siyasəti də yürüdüləcək. Lakin istər-istəməz yeni xərclər yaranacağından digər sferalara aid qiymətlərin səviyyəsi də dəyişəcək və artmalı olacaq.
Təkrar edirəm, başqa çarə yoxdur: dövlət son illər ərzində külli məbləğdə investisiya, böyük maliyyə vəsaitləri hesabına su anbarları tikib, istifadəyə versə də yenə su problemi var. Rayonlarda artezian quyularının qazılmasına dövlət maliyyə vəsaiti ayırır. Bütün bunların müqabilində real nəticə heç də ürəkaçan deyil. Yenə də bir çox bölgələrdə su çatışmazlığı var, yay fəslində suvarma işlərində böyük problemlər olur. Hətta yerlərdə bununla bağlı ciddi münaqişələr və hadisələr baş verir. Bu da ciddi siqnaldır. Əgər nəzarət olmasa, yaxın 5-10 ildə bizi çox acınacaqlı vəziyyət gözləyir. Ümumiyyətlə, su ilə bağlı elə ciddi problemlər üzləşə bilərik ki, onu heç təsəvvür etmək mümkün deyil. Nazirlər Kabinetinin qərarı da göstərir ki, hökumət təhlükəni görür və bunla bağlı müvafiq addımlar atmağa çalışır.“
Günel Musa \voicepress.az








