“Uduzmağa haqqımız yoxdur” – Ukraynanın sabiq nazir müavini- Eksklüziv Müsahibə

28 Fevral, 09:30

Ukraynanın Yanacaq və Energetika nazirinin  sabiq müavini azərbaycanlı iş adamı Burzu Əliyevin Voice Press.az-a müsahibəsi.

 -Burzu müəllim hazırda Kiyevdə vəziyyət necədir?

– Rus qoşunları demək olar ki, Kiyevdən çıxarılıb. Ümumi vəziyyət gərginliyini saxlamaqdadır, amma xalq və hökümət mübarizə aparır. 5 gündür şəhəri bombalayırlar. Ancaq şəhərin mərkəzində binaların eyvanlarında molotov kokteylləri quraşdırılıb. 

-Tez-tez Zelenskinin Qərbin küyünə getməsi haqqında fikirlər səsləndirilir. Bu fikirlərə necə münasibət bildirərdiniz?

-Bu çox mənasız bir yanaşmadır.  Tutaq ki, Zelenskini Qərb küylədi. Bəs 90- cı illərdə Azərbaycanı kim küylədi? Gürcüstanı, Moldovanı kim küylədi? Bu problem Rusiyanın hakim dairələrinin dünyagörüşündədir. Onlar özlərini imperiya kimi aparır və kiçik dövlətlərə öz quberniyaları kimi baxırlar. Zelenski çox ağıllı bir dövlət başçısıdır. O, nə etdiyini gözəl bilir. Azərbaycanda bu fikirləri səsləndirən insanlar bilməlidir ki, bu gün Zelenski təkcə Ukrayna üçün döyüşmür. Həmçinin Azərbaycan və keçmiş postsovet ölkələri üçün döyüşür. Bu mənada nə qədər qəribə səslənsə də deməliyəm ki, bu müharibənin başlanmasına və davam etməsinə bir azərbaycanlı kimi sevinirəm. Allah eləməmiş Ukrayna bu müharibəni uduzsa o zaman Azərbaycan da, Gürcüstan da o cümlədən, Orta Asiya dövlətlərinin hamısı uduza bilər. Ona gör də bizim bu müharibəni uduzmağa haqqımız yoxdur. Bu müharibə Rusiyanın xeyrinə dayanarsa əmin olun ki,  Putinin SSRİ-ni yenidən qurmaq xəyalı reallaşa bilər.

– Ukrayna Yanacaq və Energetika nazirinin müavini vəzifəsini icra etmisiniz. Zelenski hakimiyyətindən əvvəlki hakimiyyət Rusiyaya qarşı niyə baş qaldırmırdı?

– Ona görə ki, həmin dövrdə Ukraynada açıq-aşkar Rusiya tərəfdarı olan partiyalar fəaliyyət göstərirdi. Bu saat həmin partiyaların liderlərindən bir neçəsini Zelenski ev dustağı edib. Bayaq da qeyd etdim Zelenskiyə qədər Ukraynada dövlətçilik bu səviyyədə deyildi. Dövləti  daha çox rus tərəfdarı siyasətçilər və oliqarxlar idarə edirdi. Amma onu da qeyd edim ki, Rusiyaya qarşı hərəkətlənmənin ocaqları elə mənim nazir müavini olduğum illərdə yaranmağa başlamışdı. Hətta deyərdim ki, Rusiyanın Ukraynaya qəzblənməsi bizim dövrümüzdən qaynaqlanır.

– Rusiyanın Ukrayna ilə əsas dərdi nədir?

– Əvvəla onu deyim ki, Rusiyanın dərdi Ukraynanın NATO-ya, Avropa Şurasına üzv olması deyil. Bunlar hamısı boş söhbətlərdir. Rusiya rəhbərliyinin əsas qorxusu Ukraynanın iqtisadi cəhətdən güclənməsidir. Bu vaxta qədər əgər Ukrayna dövlət müəssisələrinin əksəriyyəti həmişə ili zərərlə başa vururdusa son iki ildə böyük dövlət müəssisələri yüksək gəlir göstərir. Ukrayna niyə əvvəl Rusiyaya baş qaldırmırdı? Çünki Ukrayna Zelenski hakimiyyətinə qədər daha çox Rusiyanın maraqlarına xidmət edirdi. Zelenski hakimiyyətə gələndən sonra dövlətin bir çox qurumları sözün əsl mənasında işləməyə başladılar. Onlar bu günə qədər demək olar ki, işləmirdilər. Putin bu müharibəni başlamasaydı iki-üç ilə Ukrayna həm iqtisadi, həm də sosial-siyasi anlamda Rusiyanın bərabərində gəlib dayanacaqdı. Bu əlbəttə ki, Putinə sərf edə bilməzdi. Ona görə ki, Ukraynanın güclənməsi Kırmın da Rusiyanın əlindən çıxması demək idi. Çünki insanlar özləri həyat səviyyəsinin daha yaxşı olduğu Ukrayna hökümətinin tərkibinə qatılmaq üçün Rusiyaya qarşı üsyan edəcəkdi.

 Putində bu qorxunun ilk cücərtiləri isə 2004- cü ildə başladı. Bundan başqa Putin “Maydan hərəkatı”nı heç cür həzm edə bilmirdi. “Maydan hərəkatı”ndan sonra Ukraynada milli hökumət yarandı və milli hökumət yalnız Ukrayna xalqının maraqlarına xidmət edirdi.

2008- ci ilə qədər Rusiya qazı Avropaya Ukraynanın ərazisindən keçib gedirdi. Onun satış sxemlərində, həm Rusiya, həm Ukrayna məmurları iştirak edirdilər. Mənim komandama qədər Ukrayna hökuməti Ukraynanın büdcə pulu ilə Rusiyadan yayda tutaq ki, 80 dollara qaz alırdı və yığırdı Ukraynanın Qərbində olan qaz yataqlarına. Qışda “Qazprom”un sifarişi ilə həmin qazı yataqlardan qaldırıb Avropaya satırdılar. Rusiya həmin qazı tutaq ki, satırdı 400 dollara və qazancı öz ciblərinə qoyurdular. Təbii ki, bunun müqabilində də Ukrayna məmurlarına rüşvət verirdilər. Amma mən  Yanacaq və Energetika nazirinin müavini olduğum dövrdə bu sxemə qarşı çıxdım. Bildirdik ki,  Əgər biz Ukrayna pulu ilə qaz alırıqsa deməli həmin qazın sahibi bizik və o qazı Avropaya ancaq biz sata bilərik. Yox əgər siz bizimlə birlikdə pul qazanmaq istəyirsinizsə o zaman qazı gətirib Ukrayna anbarlarına yığırsınız, amma biz o qazın pulunu vermirik. Qışda da sizin sifarişinizlə ancaq tranzit  və saxlanma pulunu çıxmaq şərtilə sizə verməyə hazırıq. Rusiya buna razı olmadı və konflikt ordan yaranmağa başladı. Ukrayna hökuməti Ukrayna millətinin maraqlarını müdafiə etməyə başlayandan Rusiya ilə Ukrayna arasında münasibətlər gərginləşdi. O vaxta qədər Rusiya Ukraynanı sakitcə idarə edirdi. Viktor Yuşçenko hakimiyyətə gəlib Ukrayna hökumətinin maraqlarını masaya qoyanda Rusiya cırnadı. Rusiya bilməlidi ki, Ukraynada xalq o vaxtkı xalq deyil və heç vaxt Rusiyanın tərkibində olmayacaq.

– Hazırda Rusiyanın Ukraynanı tamamilə işğal etmək təhlükəsi nə qədərdir?

– Hazırda Rusiyanın Ukraynanı işğal etmək təhlükəsi demək olar ki, yoxdur. Qeyri-mümkün olan şeydir. Görün neçə gündür müharibə gedir, amma heç bir şəhər, rayon mərkəzi Rusiya ordusu tərəfindən zəbt edilib saxlanıla bilməyib. Onlar gözləyirdilər ki, Ukrayna xalqı Rus ordusunu gül-çiçəklə qarşılayacaq. Amma bu baş vermədi. 

Hətta Rusiya mediasında Ukraynanın bir neçə bölgəsində əhalinin Rusiya orusunu gül-çiçəklə, sovet bayrağı ilə qarşılaması ilə bağlı məlumatlar yayılır.

– Tamamilə yalan məlumatdır. Rusiyanın uydurmasıdır. Heç Donbasda belə əhali Rus ordusunu o şəkildə qarşılamaz. Bu saat Ukraynada Rusiya ilə döyüşən tək dövlət və ordu deyil, həm də xalqdır. Heç bir kişi Ukraynanı tərk etmir. Hamı bir nəfər kimi müharibədə iştirak edir. Mən özüm də 57  yaşım olmasına baxmayaraq orduya yazılmışam. Hazırda Rusiya ordusunun 3000 mindən çox əsgəri məhv edilib.

– Rusiyanın itkilərinin sayı ciddi sayda çoxdur. Heç kim hadisələrin bu cür gedişatını təsəvvür etmirdi.  Ukrayna Rusiyanı məğlub edə bilərmi?

– Bilirsiniz ki, Rusiyanın ordusu  və hərbi qüvvələri Ukraynadan güclüdür.  Buna baxmayaraq faktiki olaraq Putin məğlubdur. Amma geri çəkilə bilmir. Pərt olub. O, Ukraynadan bu qədər dirəniş gözləmirdi. Rusiyanın müharibəyə başlayan ilk gündən əsas hədəfi Kiyevdir. Onlar Kiyevə girib Zelenskini devirib özlərinə yaxın insanlardan birini rəhbər qoyub ölkəni Moskvadan idarə etməkdir. Bu da mümkün olan iş deyil. Rusiyanın Ukraynaya hücumunun əsas məqsəd də bu idi. Donbas sadəcə bəhanədir.

-Çox qəribə bir vəziyyət də diqqətdən yayınmır. Bu gün Rusiyada ziyalılar, sənətçilər və xalqın böyük bir hissəsi Putinin bu müharibəsini ədalətli saymır. Necə düşünürsünüz Rusiya xalqı Putini dayandıra bilərmi?

– Putini məhz elə Rusiya xalqı dayandırmalıdır. Çünki bu gün Qərbin Rusiyaya qoyduğu sanksiyalardan ən çox zərərli Rusiya xalqı çıxacaq. Hazırda Rusiyanın oliqarxları dünya banklarında xeyli ciddi rəqəmdə vəsait itiriblər və bu davam edəcək. Bildiyiniz kimi Rusiyanın azərbaycanlı milyonerlərindən olan Vahid Ələkbərova daha çox ziyan dəyib bu müharibə nəticəsində. Düşünürəm ki, onlar bu vəziyyətə uzun müddət dözməyəcəklər. İqtisadiyyatı çökən Rusiyada sosial rifah aşağı düşərsə Putin xalq üsyanının qarşısında dayana bilməyəcək.

Günel Musa