Əsli Kazımova: “ Azərbaycan sadəcə öz torpaqlarında terrorla mübarizə aparır”

28 Oktyabr, 11:11

“Azərbaycan öz torpaqlarında terrorla mübarizə aparır” Bunu VOICEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində terrorla mübarizə aparmaq üçün heç kədən izin almamalıdır: “Bu gün Azərbaycanın dinc sakinləri erməni separatçıları tərəfindən qətlə yetirilir. Bütün dünya isə buna susur. Üstəlik Azərbaycanın ərazi bütövlüyünü ciddi şəkildə, 30 ildir pozan terrorist qruplaşmalarına qarşı mücadilə aparmaq məcburiyyətində qalmışıq. Heç bir beynəlxalq nüfuzlu qurum erməni terroruna qarşı bir söz demir və bu sükutu sürdürməyə davam edirlər. Maraqlı məqam odur ki, cənab Prezident də bunu dəfələrlə öz nitqində söylədi, dünya birliyi ikili standartlardan yanaşmanı davam etdirir.  Bir tərəfdən işğalçı erməni ilə, işğala və terrora məruz qalan Azərbaycanı sülhə dəvət edir, digər tərəfdən işğalçı Ermənistanı silahlandırmağa davam edir. Ən maraqlı məqam isə odur ki, həmin dövlətlər BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunurlar. Mütəmadi olaraq, regionda sülh və barış istədiklərini bəyan edirlər. Amma digər tərəfdən də regionda böyük fəlakətlərə yol açan, soyqrımlar və kütləvi insan qətliamları ilə məşhur olan Ermənistana silah yardımı edirlər. Amma hesab edirəm ki, həmin ikili standartlardan yanaşmanı davam etdirən dövlətlər bir qədər daha geniş miqyasda düşünməyi bacarmalıdır.

Bu gün qeyd etmək gərəkir ki, Cənub Qaz Dəhlizi  layihəsi Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri isə bu  boru kəməri üzərində nəzarəti ələ keçirməkdir. Bu məsələ yetəri qədər önəmli bir məsələdir. Hesab edirəm, ikili standartalar siyasəti yürüdən ölkələr bu kimi tendensiyaları da gözə almalıdır”.