Qələmini Paşinyana təslim edən jurnalist….

0
314804

Hərbi xidmətin qızıl qaydası var. Komandir belə əsgərdən silahını göstərməsini istəsə, əsgər silahını heç bir halda əlindən verməməlidir. Mən əsgərlikdə olmamışam. Əfsuslar olsun ki, Azərbaycanda qadınlar hərbi xidmətə getmir. Amma mən jurnalist olduğum üçün, medianın da artıq informasiya cəbhəsi kimi nəhəng dövlətlərin söz güləşi apardığı bir platforma olduğunu nəzərə alaraq, günümüzdə jurnalist heç bir halda qələmini əlindən verməməlidir, deyə düşünürəm. Hələ də, qarşısındakı ermənidirsə, o zaman düşünəcək alternativ belə olmamalıdır.

Mediada bu günlərdə Bəxtiyar Hacıyev adlı Azərbaycanlı jurnalistin Ermənistan baş naziri Paşinyana verdiyi sual böyük ajataja səbəb olub. Əslində əlindəki qələmini Paşinyana təqdim edən Azərbaycanlı jurnalistin heç də, siyasi baxımdan düşünülməmiş sualı ilə özünü Mat etməsi müzakirə olunmalıydı. Amma nədənsə, “Paşinyanı sualı ilə sıxışdıran Azərbaycanlı jurnalist” başlığı ilə yazılara rast gəldik. Bunu o qədər, inandırıcı səsləndirdik ki, özümüz də, gözdən asdığımız pərdənin yaratdığı eyfariyaya qapıldıq.

Öncəliklə onu deyim ki, mən Bəxtiyar Hacıyevi tanımıram. Amma bu biyabırçılığa don mindirib, ayıbımızı ört bastır edənləri də, anlamıram. Zərdabi bilsəydiki, XXI əsrin jurnalisti qələmini Paşinyana təslim edəcək, inanın bizlərə buraxdığı Əkinçi kimi böyük mətbuat mirasına görə min dəfə peşiman olardı.
İndi həmin jurnalist tərəfindən səsləndirilən suala nəzər salaq. Əlbət xatirinizdədir, yaxın keçmişdə, zamanında və yerində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Paşinyanın “Qarabağ Ermənistanındır nöqtə” deyiminə “Qarabağ Azərbaycanındır Nida” deyə cavabını vermişdi. Cənab Prezident bu sözü ilə Paşinyanı sözün əsil mənasında mat etməyi bacarmışdı.

Amma bizim düşüncəsizcə həmin məsələni yenidən açıb ortaya qoyan əlindəki qələmini erməniyə təslim edən jurnalistimiz sayəsində Paşinyana yenədə beynəlxalq ictimaiyyət qarşısında “Qarabağ Azərbaycanın deyil” kimi fikir söyləməsinə şərait yaratmış olduq. Sual özü özlüyündə yersiz sual idi. Paşinyan üçün Qarabağ, Sumqayıt hadisələrindən danışmaq kimi fürsəti yaratmaq onu dalana dirəmək kimi necə şərh oluna bilər axı? Bir jurnalist şahmat oyunundakı həmlələr kimi ən azından verəcəyi sualın mütləq sürətdə cavabını təhmin edə bilməlidir. Bunu bilə bilə, Paşinyan üçün şərait yaratmaq, siyasi səriştəsizlikdən başqa bir şey deyildi.

Orada Paşinyana əslində belə bir sual verilməliydi: “Uzun illərdir davam edən Dağlıq Qarabağ mümharibəsi Ermənistanı iqtisadi blokadaya saldığı qədər də, Rusiyanın müstəmləkəsi halına gətirib. Artıq dediyinizə görə, sizin hakimiyyətiniz altında Ermənistanda demokratiya devri başlayıb, ümid edirəm səmimi şəkildə cavab verəcəksiniz. Azərbaycan yeni iqtisadi layihələrə imza atdıqca, Ermənistanın Rusiya, AB və ABŞ dan grant dilənməsini bir “müstəqil” dövlətin hakim dairə nümayəndəsi kimi necə qiymətləndirirsiniz? Sizcə bununla Ermənistan xalqına parlaq gələcək vəd etdiyiniz inandırıcı mı səslənir? Bu dediklərinizi, sizdən öncə Serj Sarkisyan, ondan öncə isə Robert Köçəryan da deyirdi və indi onların aqibəti göz qabağındadır. Bu gün tutduğunuz siyasi kurs sizcə onların siyasi kursundan nə ilə fərqlənir?

İnanın ki, bu suallar qarşısında Paşinyan gərçəkdən MAT olacaqdı. Ermənistan heç bir halda müstəqilliyini Rusiyaya satdığından, iqtisadi blokadada olduğundan, AB və ABŞ dan grant və ya maddi yardım diləndiyindən, Türkiyə ilə dəfələrlə əməkdaşlıqla bağlı təkliflərinin rədd edilməsindən, Pakistan kimi nüvə silahına sahib bir dövlətin bu günə kimi onun müstəqilliyini tanımaması, Rusiyanın Kamışlıdakı ermənilərə sahib çıxması müqabilində Rusiyaya Ermənistanın neçə şəhərinin satılması iddiası ilə bağlı sualları cavablandırmaq istəməzdi. Çünkü onlar əmindirlər ki, Azərbaycan mütləq sürətdə Dağlıq Qarabağla bağlı sual verəcəkdir. Amma düşmənlə üz üzə ikən onun hazır olmadığı, hətta sual qarşısında cavabsız qala biləcək sualları soruşmaq sizcə daha yaxşı olmazdı mı?

Biz bunları dilə gətirmədikcə, əfsuslar olsun ki, beynəlxalq arenada jurnalistlərimiz belə xətalara yol verə bilirlər.
Jurnalistimiz Paşinyana qələmini təslim edir, Hadı Rəcəbli kimi millət vəkilimiz isə “Postda xidmət edən əsgərin vəzifəsinin ölmək olduğunu, Şəhid olan əsgərin məsələsinin şişirdilməməsi gərəkdiyini” deyir.

Əslində hər biri Cənab Prezidentin apardığı siyasətə qarşı yönəlmiş, müxalifəti ayağa qaldırmaq məqsədi güdən məsələdir. Millət o vaxt susar ki, onun yerinə millət vəkili danışsın, jurnalisti isə yazsın…

Bizim bəxtimiz isə hər birindən necə deyərlər gətirib. Nə millət vəkilimiz danışığını bilir, nə də, jurnalistimiz qələminə sahib çıxa bilir. Bu üzdəndə, hər iki missiyanı Cənab Prezident öz çiyinlərinə götürmək məcburiyyətində qalır. çıxmasını tirajlamağı görünür daha önəmli məsələ hesab edir.

Belə olan halda, biz xətalarımızı necə bəzəyib ictimaiyyətə təqdim edə bilirik axı? Maraqlısı odur ki, saysız hesabsız əməkdar jurnalistlərimiz var, amma bu məsələ ilə bağlı heç kəs öz fikrini bildirmədi. Əksinə belə bir önəmli məsələyə gərəksiz don geyindirən mətbuatımız, bir müğənninin azadlığa çıxmasını tirajlamağı görünür daha önəmli məsələ hesab edir.

Bu günlərdə R.F prezidenti Putinin sözcüsü Peskov belə bir fikir söylədi. Dedi ki, hər zaman qələbənin atası çox olur, məğlubiyyət isə hər zaman yetimdir. Maraqlı fikirdir. Eynən bizim mətbuatda baş verənləri xatırladır. Ama bir fərqli cəhət var. Peskovun dediyi məğlubiyyət heç olmasa yetimdir. Bizim mətbuatdakı məğlubiyyətləri öz adları ilə çağırma etikasına sahib olmadığımız üçün, ucdantutma hamısına “qələbə” deyə müraciət edirik….
O üzdəndə qələmini Paşinyana təslim edən jurnalistimiz bu gün “Paşinyanı dalana dirədim” deyə sevinc eyfariyasını yaşayır…


Ülkər Fərmanqızı
VOİCEPRESS/ “Açıq Söhbət”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here