Ağaclar kəsilməyib, köçürülüb – Bakı Meriyasından qalmaqallı hadisə haqda AÇIQLAMA

0
314100

Bir neçə gündür ki, mətbuatda Nəsimi rayon İcra Hakimiyyətinin icazəsi və göstərişi ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı ərazidə yaşıllıqların məhv edilməsi və kəsilmiş ağacların yerində obyekt tikilməsi barədə materiallar gedir.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bu materialların dərcindən sonra Nəsimi rayon İcra Hakimiyyəti həmin məlumatları təkzib edib, məsələnin mahiyyətinin fərqli olduğunu bildiriblər.

“Yaşam Residence” şirkətinin icraçı direktoru Elşən Mahmudov da sözügedən ərazidə ağacların köçürülməsinə rəsmi münasibət bildirib.

O bildirib ki, şirkətə aid tikinti işləri tamamilə qaydalara uyğun aparılıb: “Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvanında şirkətimizə aid olan ərazidə tikinti işi başladılıb. Bu ərazi 2006-cı ildən etibarən şəxsi mülkiyyətimizə verilmiş torpaq sahəsidir.

Bildirmək istəyirəm ki, mediada birtərəfli məlumatların yayılması əsassızdır. Tikinti aparılması üçün əvvəlcədən qanun çərçivəsində aidiyyəti qurumlara yazılı müraciət edilib, razılıq əldə olunub.

Bütün sənədlər toplanılıb, müvafiq qurumlara göndərilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilərək tikinti sahəsinə düşən iki ağacın köçürülməsi üçün müraciət edilib. Müraciət əsasında nazirliyin təşkil etdiyi ekspert qrupu əraziyə baxış keçirib.

Daha sonra Nazirliyin çıxardığı qərar əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ərazidəki 2 ağacı qaydalara uyğun şəkildə başqa əraziyə köçürüblər”.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Modern.az-a açıqlamasında prosedurların tam qaydalara uyğun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi rəyi və müvafiq məktubu əsasında aparıldığını təsdiqləyib:

“Sözügedən ərazidən ağacların başqa əraziyə köçürülməsinin əks olunduğu görüntülər mətbuata təqdim olunub. Ərazidən iki ağacın – 1 ədəd zeytun, 1 ədəd şamın kəsilib, qalanları isə Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəsinə köçürülüb”.

“Yaşıllıqların götürülməsi Qaydası” Nazirlər Kabineti tərəfindən 2016-cı ildə təsdiqlənib. Qaydalara görə, yaşıllıqların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir”.

Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

– ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır.

Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4×2,4×0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);

– vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;

– sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;

– iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

– qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

– ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here