VOİCEPRESS teleqraf.com-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Vitse-spiker bildirib ki, Azərbaycan İraq dövlətinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: “Beynəlxalq hüquq baxımından İraqın ərazi bütövlüyünün parçalanması yolverilməzdir”.
Ziyafət Əsgərov Dağlıq Qarabağdakı separatçı rejimin “Xarici İşlər nazirliyinin” Şimali İraq Kürd Muxtariyyətinin referendumunu qanunauyğun adlandırmasını nonsens hesab edib:
“Bu, qondarma bir rejimdir. Onların tanıyıb-tanımasından asılı olmayaraq, bu prosesin hüququ əsası yoxdur. Nə beynəlxalq hüquq, nə də bizim milli qanunvericilik nöqteyi-nəzərindən bunun əsası yoxdur”.
Ziyafət Əsgərov deyib ki, istər Şimali İraqda, istərsə də Katoloniyada keçirilən referendumun nəticəsi olmayacaq:
“Əgər bu qanunsuzdursa və istər İspaniya hökuməti, istərsə də İraq hökuməti bunu qanunsuz elan edirsə və bu proses həmin dövlətlərin konstitusiyasına ziddirsə, deməli, bu referendumların hər hansı bir nəticəsi ola bilməz”.
VOİCEPRESS.AZ







