VOİCEPRESS xəbər verir ki, tədbirin fəxri qonaqlarından Azərbaycan Rəssamlar İttifaqının üzvü gənc rəssam Günay Mehdizadə olub. O, çıxışı zamanı ölkəmizdə bu qədər istedadlı gənclərin olmasının sevindirici hal olduğunu vurğulayıb: “Məşhur rəssam Leonardo da Vinçi deyirdi: “Rəsm çox geniş köklü mədəniyyət və metod üzərində inkişaf etməlidir. Elmsiz və praktika üsulu ilə rəsm çəkəcəklərini zənn edənlər kompassız, sükansız gəminin sakinlərinə bənzəyirlər ki, onlar hara getdiklərini qəti olaraq bilməzlər”. Rəssamlıq dərin sənətdir, bu isə ciddi təxəyyül, istedad, əmək, səbir və mütaliə tələb edir. Rənglər insanı fəallaşdıra, sakitləşdirə, həyəcanlandıra, üşüdə və ya isidə, ona narahatlıq və ya rahatlıq gətirə bilər. Rənglərlə ən yaxın olan və bu rənglərlə danışan şəxslər isə, sözsüz ki, rəssamlardır. Azərbaycanda gün-gündən istedadlı gənclərin artması sevindirici haldır. Bu isə dövlətimizin gənc istedadlara göstərdiyi qayğı, onlar üçün yaratdığı şəraitin nəticəsidir”.
Günay Mehdizadə tədbirdə öz maraqlı əsərləri ilə iştirak edən gənc rəssama diplom təqdim edib. Gənc rəssam Nağıyeva Aygün əsasən dekorativ üslubda işlədiyi rəsm əsərlərini təqdim edib. Sərgidə Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün qaşlarla işlənmiş rəsmini təqdim edən gənc rəssam diploma layiq görüldüyü üçün minnətdarlıq edib və bu onu daha da məsuliyyətli və əzmli olmağa həvəsləndirdiyini qeyd edib.
Çıxışının sonunda Günay Mehdizadə hər bir rəssama müvəffəqiyyətlər arzu edib: “Biz bu gün bu sənətin könüllüləri olan, rənglərin diliylə danışan insanların – həvəskar rəssamların bir birindən gözəl rəsm əsərlərini təqdim etdikləri tədbirdə iştirak etdik. Bir-birindən gözəl əsərlər gördük, zövq aldıq. Sizə bu gözəl, bir o qədər də çətin və məsuliyyətli yolda uğurlar diləyirəm”.
Sonda gənc rəssamlarla xatirə şəkli çəkilib.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ







