Siddiqə Məmmədova ilə vida mərasimi keçirildi

6 Avqust, 18:20

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat edib.

VOİCEPRESS xəbər verir ki, akademiklə vida mərasimi avqustun 6-da Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun kollektivi, şəhər ictimaiyyəti və mərhumun ailə üzvləri iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov vida mərasimində çıxış edərək bildirib ki, akademik Siddiqə Məmmədova bitki mühafizəsi, o cümlədən entomologiya sahəsində hərtərəfli biliyə malik olan alim idi.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Siddiqə Məmmədovanın vəfatının Azərbaycanın elmi ictimaiyyəti üçün ağır itki olduğunu vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, akademik Siddiqə Məmmədova Azərbaycanda və xaricdə tanınmış alim olub. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin medalı və diplomu ilə təltif edilib. Entomoloqların ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə çıxışında bildirib ki, yüksək ixtisaslı kadrların hazırlanması alimin daim diqqət mərkəzində olub. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanıb. Alimin özü 2 elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri olub.

Siddiqə Məmmədovanın ölkədə elmin inkişafı sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif edilib, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Sonra mərhumun ruhuna dualar oxunub, akademikin nəşi son mənzilə yola salınıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here