Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
VOİCEPRESS xəbər verir ki, ABOEM DA-nın sədri cənab Akim Bədəlov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan xalqının tarixinə qızıl səhifələr yazmış Ümummilli lider Heydər Əliyevin müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsinin xalqımız üçün böyük uğur və xoşbəxtlik gətirdiyini qeyd edib. Bildirib ki, ulu öndərin Azərbaycan dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən dərk edir, Azərbaycanın müstəqillik və azadlığının nə qədər möhkəm bir bünövrə üzərində formalaşdığını, bu bünövrənin məhz Heydər Əliyev ideyaları əsasında qurulduğunu bir daha aydın görürük. Ulu öndər dövlət müstəqilliyinin əsasını iqtisadi vəziyyətin kökündən yaxşılaşdırılmasında, respublikanın ən zəruri ərzaq və sənaye malları ilə özünü təmin etməsində, enerji təhlükəsizliyində, xarici siyasətdə yalnız Azərbaycanın mənafeyinə uyğun addımlar atılmasında görürdü.
Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən qlobal layihələr Azərbaycanın hərtərəfli yeniləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər məhz ulu öndərin müəyyənləşdirdiyi yolun layiqincə davamıdır. Möhtərəm Prezidentimizin hər sahədə olduğu kimi alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq respublikamızda bu sahədə tərəqqimiz ildən-ilə daha da sürətlənir. Əminliklə deyə bilərəm ki, enerji strategiyamız uğurla həyata keçirilir.
Tədbir çərçivəsində eyni zamanda cari ilin mart –aprel aylarını əhatə edən “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə aparılan silsilə maarifləndirmə tədbirlərinin yekununa həsr olunan çıxışlar da, səsləndirilib. Geniş miqyaslı maarifləndirmə proqramı çərçivəsində məktəb direktorları, Dövlət Agentliyinin əməkdaşları və mətbuat nümayəndələrinin iştirakı ilə Azərbaycanda yaşıl enerjinin təbliği üzrə bilik və bacarıqlarını nümayiş etdirən məktəblilər Dövlət Agentliyi tərəfindən mükafatlandırılıb.
Tədbirin digər iştirakçıları da öz çıxışlarında dövlətimizin və dövlətçiliyimizin banisi, Azərbaycan xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. Şagirdləri azərbaycanlı olmağı ilə həmişə fəxr edən Heydər Əliyev irsini daha dərindən öyrənməyə və bu irsdən bəhrələnməyə çağırıblar.
Tədbirin sonunda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
VOİCEPRESS.AZ