İlham Rəhimov: “İlham Rəhimovun yardımına möhtacdırlarsa niyə elə professorun özünə yüksək dövlət postu etibar edilmir?”

0
314640

Vladimir Putinin tələbə yoldaşı kimi tanıdığımız hüquq professoru İlham Rəhimovun həftəsonu mətbuata verdiyi müsahibəni aydın səmada şimşək effekti yaradan bir olay kimi qiymətləndirmək lazımdır. Professor bu dəfəki müsahibəsində hüquqşünaslıqdan daha çox peşəkar siyasətçi və bir az da qabağa gedərək diplomat kimi davranaraq həm Milli Məclisi, həm Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsini, həm də Diaspora Komitəsini məzəmmət elədi:

“Siz orda çıxış edən millət vəkillərinin birindən soruşa bilərdiniz ki, hörmətli millət vəkili, sizdə qeydiyyatla bağlı bu məlumat hardandır? Milli Məclis bu məsələni müzakirə edirsə, həmin məsələ ilə bağlı kimsə gəlib məlumat verməlidir. Daha sonra onun ətrafında müzakirələr olur. Yoxsa belə çıxdı ki, o məsələni parlamentdə müzakirə etdilər, amma heç bir rəsmi sənəd, məlumat olmadı, yəni bu işlə məşğul olan hansısa bir rəsmi şəxs gəlib orda məlumat vermədi. Belə göründü ki, millət vəkilləri faktiki olaraq qəzetlərdə nə yazılırsa, o məlumatı götürüb onu müzakirə etdilər. Əgər bu məsələ müzakirə olunursa, bu işlə məşğul olan hansısa rəsmi şəxslər var, həm Bakıda, həm Moskvada, onların bu məsələ ilə bağlı məlumatları var, əvvəlcə onları dinləmək lazım idi. Ondan sonra hansısa bir fikir yürütmək olardı”.

Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında yaranan son durumu və parlamentin ötən iclasının az qala yarısının sərf olunduğu Rusiya Ədliyyə Nazirliyinin anti-Azərbaycan addımını şərh edən İ. Rəhimov yaranmış vəziyyətə görə özümüzünküləri qınamaqla bir çox mətləblərə aydınlıq gətirmiş oldu. Əvvəla bəlli oldu ki, parlamentin bir çox üzvlərinin az qala dünyanın sonu kimi qiymətləndirmələrinə baxmayaraq vəziyyət heç də iddia olunduğu kimi ağır deyil və baş verənlərə görə Rusiya Ədliyyə Nazirliyi deyil, ÜAK rəhbərliyi birbaşa məsuliyyət daşıyır:

“Konqresdən Rusiya Ədliyyə Nazirliyinə qeydiyyat üçün göndərilən sənədlər düzgün tərtib olunmayıb. Ədliyyə Nazirliyi qurultaydan qabaq və sonra Konqresə xəbərdarlıq məktubu yazıb göndərib ki, sizin sənədlərdə nöqsanlar var, onları aradan qaldırmaq lazımdır. Ancaq Konqresdən heç kim məktuba reaksiya verməyib. Bu mənada söhbət ondan gedir ki, orada sənədlər düzgün tərtib olunmayıb və bu səbəbdən məhkəməyə müraciət olunub. Məhkəmədən qabaq isə ÜAK rəhbərliyinə müraciət olunub, məktub göndərilib. Prinsip etibarilə burada günahkarı kənarda axtarmaq lazım deyil. Sadəcə olaraq burada Konqresin özünün günahıdır ki, məsələyə səhlənkar yanaşıblar, söhbət bundan gedir”.

ÜAK – ın vaxtilə necə yaranması və onunla yanaşı Rusiyada yaşayan bir çox görkəmli adamların bu məsələyə necə canı dildən girişmələrinə baxmayaraq sonradan hamının kənara çəkilməsinə üstüörütlü də olsa toxunan professor bununla qurum daxilindəki intriqaların verdiyi fəsadlara diqqəti yönəltmək istəyib:

“Açığını deyim, bizim Konqres çox güclü işləyirdi. Bir-birimizə kömək edirdik, məsləhətləşirdik, İdarə Heyətində iclaslar keçirirdik. Fikir verin, orada kimlər var idi: Vahid Ələkbərov, rəhmətlik Aydın Qurbanov, Telman İsmayılov, Araz Ağalarov, Rüstəm İbrahimbəyov, Tahir Salahov, İsgəndər Xəlilov… Yəni Rusiyada olan tanınmış iş adamları, ziyalılar… Başqaları da var idi, hamısını saymaq istəmirəm. Çox güclü bir təşkilat idi və neçə illər ərzində çox güclü işlədi. Mən o təşkilatın yaranmasında aktiv iştirak edirdim, nə imkan var idi, yaxından dəstək olurdum. Bu da təbii idi. Çünki mən orda çox adamları tanıyırdım, münasibətim var idi, əlim çatırdı. Məsələn, o vaxt Rusiya Prezident Aparatında bizə təklif etdilər ki, istəyirsiniz sizə hansısa telekanalda vaxt ayıraq, orda millətinizi, mədəniyyətinizi, Konqresin işini təbliğ edəsiniz. Onda Putin təzə hakimiyyətə gəlmişdi və rəhmətlik Heydər Əliyevlə də çox gözəl münasibətləri var idi, bir-birinə çox böyük hörmətlə yanaşırdılar. Ona görə də çox təbiidir ki, Putin çox çalışırdı və əlindən gələni edirdi ki, Azərbaycan diasporuna nə imkan varsa, köməklik olunsun. Bunlar faktdır. Həqiqət ondan ibarətdir ki, indiki Azərbaycan diaspor təşkilatı həmin mən dediyim 2001-ci və ondan sonrakı illərdə olan diaspor təşkilatı kimi deyil. O vaxt çox monolit bir təşkilat idi. Amma indi başa düşmək olmur orada nə baş verir”.

Başqa bir diqqətçəkən məqamsa Diaspora Komitəsi rəhbərinin kömək üçün ona müraciət etməsi barədə fikirlərdir. İ. Rəhimoiv açıq şəkildə Nazim İbrahimovun çaşqınlıqla ona müraciət edərək kömək istədiyini bildirir, bununla əslində Rusiyada və digər ölkələrdəki diaspor qurumlarımızın söz sahibi olmasına cavabdeh olan komitə sədrinin necə mağmın və gücsüz durumda olduğunu göstərir.

O zaman haqlı sual yaranır, əgər doğrudan da ÜAK sədri ilə yanaşı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da daxil Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olması üçün Diaspora Komitəsi, PA beynəlxalq əlaqələr şöbəsi, Milli Məclisdən ibarət bütün hakimiyyət komandası səmərəli və əlaqələndirilmiş iş apara bilmir, nəticədə belə bir problemin qarşısında bu qədər çaşqınlıq nümayiş etdirərək acizlik sərgiləyirlərsə və hamısı heç bir rəsmi vəzifə daşımayan İlham Rəhimovun yardımına möhtacdırlarsa niyə elə professorun özünə yüksək dövlət postu etibar edilmir? Təkcə bunlar deyil və cavabsız qalmış onlarla sual var ki, məntiqlə bunu izah etmək mümkün deyil.

Mövzunu maraqlı və olduqca düşündürücüdür. ..

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here