Pərviz Heydərov: ” Dollar bahalaşdırıla bilər…”

13 Mart, 22:53

Amerikada işsizlik səviyyəsi azalmaqda davam edir. Fevralda bu rəqəm 4,7 %-ə düşüb. Təsəvvür edin ki, təkcə qeyd olunan ay ərzində 235 min sayda yeni iş yeri açılıb. Yanvarda isə bu rəqəm 238 min təşkil etmişdi. Halbuki, analitiklər 227 min proqnozlaşdırmışdılar. Bütün bunlar olduqca ciddi rəqəmlərdir.

VOİCEPRESS xəbər verir ki, iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, bir ölkədə ki, yeni iş yerləri açılır və özü də bu, davamlı xarakter daşıyırsa, demək, iqtisadiyyat inkişaf edir və istehsal artır:” Diqqət yetirin: fevralda istehsal sahələrində 28 min iş yeri açılmaqla son 3 il ərzində ən maksimal tempdə təşkil edib. Tikintidə isə bu rəqəm 58 min təşkil etməklə, 2007-ci ilin martından sonra ən yüksək həddə olub.
Maraqlıdır: bununla paralel olaraq, əməyin ödənişi səviyyəsi də yüksəlir. Belə ki, ötən ay sözügedən ölkədə orta saatlıq əməkhaqqı məbləğinin illik ifadədə 3 %-ə yaxın yüksəldiyi qeydə alınıb.
Məlumdur ki, qarşıdan ABŞ-ın mərkəzi bankı olan FES-in növbəti toplantısı gəlir. FES isə uçot dərəcəsini dəyişib-dəyişməmək məsələsində hər dəfə məhz 3 göstəricini – işsizlik, inflyasiya və ÜDM-i nəzərdən keçirdir. Qeyd olunduğu kimi işsizlik 5 %-dən aşağı səviyyədədir. İnflyasiya və ÜDM istehsalı üzrə göstəricilər də pis deyil… Odur ki, dollar bahalaşdırıla bilər.
Amma bir nüans var. Bu da neftin dünya bazar qiymətləri məsələsidir. Belə ki, müəyyən müddət ərzində müşahidə olunan sabitlik sanki, yenə pozulmaq üzrədir. Bazarda ucuzlaşma meyllərinin yarandığı nəzərə çarpır ki, buna səbəb isə məhz ABŞ-ın özündə şist sənayesinin dirçəlməsidir. FES uçot dərəcəsini qaldırarsa dollar yenidən möhkəmlənməyə başlayacaq. Və bu da nefti əlavə olaraq ucuzlaşdıracaq. Bəs, yenicə dirçəlmiş şist sənayesi buna tab gətirəcəkmi ?
Yoxsa, hər şey yenidən təkrarlanacaq ?!”

Aysel isgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here