“İdxal da əvvəlki həcmdə deyil. Alıcılıq qüvvəsi əvvəlki həddə deyil, işgüzar fəallıq səmərəlilik endiyindən və risk amilləri çoxaldığından “ölü vəziyyətdədi…”
VOİCEPRESS xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib. ABŞ FES-nin baza faiz dərəcəsini artıraraq 1 %-ə çatdırması manatın məzənnəsinə heç bir halda təsir etməyəcək: “Ölkəmizin valyuta bazarında yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi xeyli müddətdən sonra demək olar ki, sabitləşmişdir. Bunda isə bir neçə faktor mühüm rol oynayıb və oynayır.
Birincisi, xarici təsirlər, yəni neftin qiymətiylə əlaqədar, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə əsas ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin səngiməsiylə bağlı təzyiqlər azalmış, ikincisi hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişmiş, üçüncüsü ölkədə pul-kredit siyasəti olduqca sərtləşdirilmiş, dördüncüsü valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilməklə təkmilləşdirilmiş, beşincisi isə ölkədə dollarizasiya prosesinin özü də ən zirvə nöqtəsinə çatdığından xarici valyutaya tələb minimum səviyyəyə enmişdir.
Bunun yalnız psixoloji təsiri ola bilər ki, bu da bu dəfə əvvəlkilərə nisbətən olduqca cüzi xarakter daşıyacaq. Çünki banklarda dollar çoxdur, manat isə əksinə, “yoxdur”… İdxal da əvvəlki həcmdə deyil. Çünki əvvəla, alıcılıq qüvvəsi əvvəlki həddə deyil, ikincisi də işgüzar fəallıq səmərəlilik endiyindən və risk amilləri çoxaldığından “ölü vəziyyətdədir”…
Odur ki, manat ucuzlaşmayacaq ! Narahat olmayın…
Amma bunun yeganə bir mənfi cəhəti olacaq. O da bundan ibarətdir ki, neft ucuzlaşa bilər. Neftin 40 dollarədək enməsi isə dövlət gəlirləri onun ixracından asılı olan ölkələrin hamısı üçün təhlükəlidir… Buna isə heç ABŞ-ın özü də hazır deyil… Ona görə də Canet Yellen xanımın bu qərarı sırf Amerika iqtisadiyyatı üçün hesablanmış bir addımdır… Təkrar edirəm ki, qorxmağa dəyməz!”
Aysel İsgəndərova
VOİCEPRESS.AZ