VOİCEPRESS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.
İlham Əliyev qeyd edib: “Ötən ay tərəfdaşlıq razılaşması üzrə Avropa Komissiyası ilə danışıqlara başladığımızı nəzərə alaraq, – yeri gəlmişkən, bu, bir çox sahələri, o cümlədən iqtisadi əməkdaşlığı əhatə edəcək çox hərtərəfli bir sənəd olmalıdır, – hesab edirəm ki, əməkdaşlığımızın vacib bir elementi də ikitərəfli ticarətin artırılması ola bilər. Zənnimcə, bu gün bu, bir milyard avrodan azdır. Lakin ticarətimizin strukturuna baxsanız görərsiniz ki, bu, əsasən bizim Fransaya neft ixracatımızdır. Beləliklə, biz bunu şaxələndirməliyik, daha çox alıb, daha çox satmalıyıq”.
Azərbaycan Prezidenti hesab edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın çox yaxşı mexanizmi var: “Bu, birgə iqtisadi komissiyadır. Bu komissiyanın iclası bu yaxınlarda keçirilmişdir. Bu komissiya əməkdaşlığımızın bütün vacib sahələri ilə bağlı məsələlər ilə məşğul olur. İslahatlar bizə uzunmüddətli dayanıqlı inkişafa, iqtisadi artıma, ölkəmizin və iqtisadiyyatımızın müasirləşdirilməsinə nail olmaq imkanı verəcək. Çünki artıq bir neçə dəfə qeyd etdiyim kimi, Azərbaycanda post-neft dönəmi başlamışdır. Bu, bizim ehtiyatlarımızın tükənməsi ilə əlaqəli deyil. Xeyr, bizim böyük neft və qaz ehtiyatlarımız var. Biz onları gələcək bir neçə on illər ərzində bazara çıxaracağıq. Lakin indi bizə sanki təbii ehtiyatlara malik olmadan gələcəyimizi planlaşdırmaq lazımdır. İqtisadiyyatımızı rəqabətlilik, düzgün idarəetmə əsasında qurmalıyıq.
Əlbəttə ki, biz islahatlarımızda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edirik. Eyni zamanda, bizim çox yaxşı məsləhətçilərimiz var. Onlar bizə iqtisadiyyatımızın hər bir sektoru üçün strateji yol xəritələri hazırlamağa kömək edirlər”.
VOİCEPRESS.AZ