ABŞ Konqresinin Kitabxanasında Azərbaycan mətbəxinə səyahət

0
314171

Cari ilin 15 mart tarixində Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonun ən tanınmış məkanlarından biri olan Konqresin Tomas Cefferson adına Kitabxanasında Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin və kitabxananın regional bölməsinin dəstəyilə həmvətənimiz Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) adlı kitabının rəsmi təqdimat mərasimi keçirilib.

Səfirlikdən VOİCEPRESS-ə verilən məlumata görə, sözügedən tədbir kitabxananın möhtəşəm Şimal-Şərq Pavilyonunda baş tutub. Tədbirdə xarici diplomatlar, kitabxananın ziyarətçiləri və həmçinin Amerikada yaşayan həmvətənlərimiz iştirak ediblər.

2014 və 2015-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə iki buraxılışla nəşr edilmiş sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən Azərbaycan mətbəxinə həsr edilmiş ilk nəşrdir.

İşıq üzü görəndən beş böyük beynəlxalq mükafata layiq görülmüş və 317 səhifədən ibarət kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur. Kitaba, həmçinin Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan seçilmiş reseptlər daxil edilmişdir. Bundan başqa, kitaba Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar haqqında məlumatlar da daxil edilib.

Tədbirdə kitabxananın Afrika və Yaxın Şərq bölməsinin rəhbəri Meri-Ceyn Dib və Türkiyə üzrə mütəxəssis Coan Viks çıxış edərək kitab və Azərbaycan mədəniyyəti barəsində öz təəssüratlarını bölüşmüşlər. Natiqlər çıxışları zamanı Novruz bayramının tarixinə və bu bayramı qeyd edən xalqlara, onların ənənələrinə xüsusi diqqət yetirilib.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Fəridə Buyuranın müəllifi olduğu kitabın ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin və ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd etmişdir. Novruz bayramının qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim ənənə olduğunu bildirilib.

Daha sonra kitab müəllifi tərəfindən qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verilmişdir. Öz çıxışında F.Buyuran Azərbaycanın müxtəlif bölgələrinin mətbəxlərinin xüsusiyyətlərinə dair danışaraq, Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib cəmiyyət olduğunu qeyd edib.

Fəridə Buyuranın çıxışı tədbirin çoxsaylı iştirakçıları tərəfindən böyük maraq və diqqətlə qarşılanıb.
Təqdimatın sonunda Azərbaycan milli mətbəxinin yemək və şirniyyatlarından ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here