YAP-dan Lapşinin ekstradisiyasına MÜNASİBƏT: “Bu gün Lapşin, sabah…”

0
313929

“Lapşin məsələsi Azərbaycan ərazisinə qeyri-qanuni keçən şəxslərə ciddi mesajdır”.

VOİCEPRESS xəbər verir ki, bu fikirləri unikal.org-a açıqlamasında ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsinə münasibət bildirərkən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, Azərbaycan heç vaxt Lapşinin jurnalist fəaliyyətinə irad bildirməyib,tənqid etdiyi zaman onun mövqeyinə təmkinli yanaşıb: “Lapşinin öz ölkəsində hüquqi prosedurlardan keçdikdən sonra Azərbaycana təhvil verilməsi, dövlətimizin nüfuzunu və gücünü göstərir. Birinci dəfədir ki, Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmiş xarici vətəndaş Azərbaycanın tələbinə əsasən məhkəmə qarşısına çıxarılmaq üçün ölkəmizə təhvil verilir. Baxmayaraq ki, Lapşinin Azərbaycana verilməməsi üçün xaricdə çox böyük səylər göstərildi. Azərbaycan sıradan bir ölkə deyil, beynəlxalq aləmdə nüfuzu olan, sözü keçən və səsləndirdiyi sözü təsdiqləməyi bacaran bir ölkədir. Lapşin işğal edilmiş ərazilərimizə qeyri-qanuni daxil olub, oradakı işğalçı rejimi təbliğ edib, Azərbaycan dövlətçiliyiə qarşı mətbuatda çirkin kampaniya aparıb. Azərbaycan heç vaxt onun jurnalist fəaliyyətinə irad bildirməyib. Hətta, tənqid etdiyi zaman onun mövqeyinə təmkinli yanaşıb. Ərazi bütövlüyümüzü pozaraq sərhəddimizi hansısa bir məkandan qeyri-qanuni keçərək, Azərbaycanda uzun müddət qalması, dövlətçiliyimizə, qanunlarımıza olan cinayətdi”.

A.Mirzəzadə bildirib ki, Lapşin məsələsi Azərbaycan ərazisinə qeyri-qanuni keçən şəxslərə ciddi mesajdır: “Lapşin Bu gün Azərbaycan hüquq sisteminin təsiri altındadır. Qanun pozuntusuna görə cavab verməlidir. O başqa məsələdir ki, məhkəmə hansı qərarı verəcək. Onun etiraflarını, törətdiyi əməldən peşimançılığını, xarici dövlətlərin müraciətlərini nəzərdən keçirə bilər. Lapşin məsələsi Azərbaycan ərazisinə qeyri-qanuni keçən şəxslərə ciddi mesajdır. Eyni zamanda, işağl edilmiş zonaya digər vətəndaşların keçməsini təşviq edən Ermənistan üçün böyük xəbərdarlıq olmalıdır. Bu gün Lapşin üzərində məhkəmə prosesi keçirilicək, sabah Azərbaycan ərazisini işağl edən, orada işğal rejimi quran, Azərbaycanın dövlətçiliyinə qarşı silahlı mübarizə aparanalar məhkəmə qarşısına çıxarılacaq”.

Bu məsələ ilə bağlı xaricdən təzyiqlər ola bilərmi?-sualını YAP rəsmisi belə cavablandırıb: “Azərbaycan müstəqilik qazandığı zamandan, xüsusən də 1995 ci il 15 iyun tarixindən bəri mütəmmadi olaraq xaricdən təzyiqlərə məruz qalır. Amma, dövlətin gücü xaricdən olan təzyiqlərə davam gətirməkdədir. Azərbaycan Lapşini gətirməklə öz sözünü dedi”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here