Vitse-spiker generalların Bakıda görüşməsinin səbəblərini açıqladı

17 Fevral, 16:03

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun Bakıda görüşməsi Azərbaycanın artan nüfuzundan xəbər verir.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanın Rusiya və ABŞ-la münasibətləri kontekstindən çıxış edəndə Bakının görüş yeri kimi seçilməsi təbiidir:

“Eyni zamanda, Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura “Bakı-Tbilisi-Qars” dəmir yolunun, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa Azərbaycan Cənubi Qafqazın ən güclü və stabil dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər”.

Vitse-spiker qeyd edib ki, generalların Bakı görüşü Azərbaycana çox böyük siyasi dividentlər gətirəcək: “Bunu etiraf etmək lazımdır. ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu dövlətlərin baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here