Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ictimaiyyətə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının maskotlarını təqdim edib.
VOİCEPRESS xəbər verir ki, Azərbaycanımızın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları IV İslam Həmrəyliyi oyunlarının maskotu olaraq cəmiyyətə nümayiş olunub.
İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının simaları olacaqlar.
“İncə” atı zəriflik və gözəllik nümunəsi olması ilə bərabər, eyni zamanda incəliyi və məlahəti əks etdirir. “İncə” adət-ənənələri və milli dəyərləri təmsil edir.
Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə tanınır.
Bu gündən etibarən IV İslam Həmrəyliyi oyunlarının maskotları olacaq “İncə” və “Cəsur” oyunlar öncəsi və zamanı xalqımızı oyunlarının bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarımızda əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.
Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı və real görünüşə sahib olacaqlar.
VOİCEPRESS.AZ