VOİCEPRESS xəbər verir ki, Məmmədyarovun sözlərinə görə, Rusiya konsulu ya sabah, ya o birisi gün Lapşini təcridxanada ziyarət edəcək. “Biz Rusiya və İsrail səfirliklərindən bu məsələ ilə bağlı nota almışıq. Vyana konvensiyasına uyğun olaraq saxlanılan şəxslə görüş olacaq. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm, bu məsələ müzakirə olunub. Görüşmək məsələsində maneə yoxdur” – Məmmədyarov deyib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya səfiri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bloqqer Aleksandr Lapşinlə bağlı məsələ müzakirə olunub. Səfirlik əməkdaşlarının bu həftə bloqqerlə görüşü gözlənilir.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib.
Bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.
VOİCEPRESS.AZ