“Qəhrəman qardaşımız, şəhidimiz Çingiz Qurbanovun Qusarda son mənzilə yola salınmasında iştirak etdik.”
Millət vəkili Qənirə Paşayeva bu gün şəhid Çingiz Qurbanovun dəfn mərasimində iştirak edib. Qənirə xanım VOİCEPRESS-ə açıqlamasında bildirib ki, Azərbaycanımızın hər tərəfindən qəhrəman şəhidimizlə vidalaşmağa və onun ruhuna dualar oxumağa çoxlu sayda insanlar gəlmişdi: “Bir ata və ananın övladı olaraq dünyaya gələn şəhid Çingiz Qurbanov dünyadan Millətin, Vətənin oğlu olaraq köçdü. Ruhu hər zaman aramızda olacaq. Qusarda şəhidimizlə vida mərasimində əziz ata və anasına “Siz artıq bütün millətimiz üçün əziz və dəyərlisiniz. Allah sizin kimi millətimiz üçün qəhrəman oğul və qızlar böyüdən ata-analarımızın sayını daha da bol eləsin. Hər zaman yanınızdayıq” dedik. Allahdan şəhid qardaşımıza bir daha rəhmət diləyirik, məkanı cənnət olsun.”
Qeyd edək ki, Ermənistan əsgərləri 2016-cı ilin dekabrın 29-da Azərbaycana qarşı hərbi əməliyyat həyata keçiriblər. Onlar Azərbaycan silahlı qüvvələrinin əsgəri Çingiz Qurbanovu öldürərək cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar.
Xatırladaq ki, Çingiz 1994-cü ildə Qusarda anadan olmuşdu.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ