Dollar yenə də bahalaşmaqdadır.
Bu gün, yəni fevral ayının sonuncu günü olan 28-də Mərkəzi Bankın (AMB) ənənəvi olaraq keçirdiyi valyuta hərracına Dövlət Neft Fondu (SOFAZ) tərəfindən satışa 35 milyon ABŞ dolları məbləğində valyuta çıxarıldığı, bunun da 34,12 milyon dollarının, başqa sözlə desəm, 97,5 %-nin alındığı deyilir. Beləlklə də, kurs martın 1-nə 1,7515 manat müəyyən edilib. Bu günə, yəni ki, fevralın 28-nə isə 1,7475 manat idi. Sözün qısası, dollar yenə bahalaşmaqdadır.
VOİCEPRESS xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O, qeyd edib ki, yanvarda manatın dollara qarşı dəyəri SOFAZ tərəfindən həmin ay ərzində AMB-nin keçirdiyi hərraclara satışa ümumən 285 milyon dollar vəsait çıxartmasına rəğmən, 8,23 % civarda ucuzlaşmışdı. Ancaq fevralda vəziyyət dəyişdi. Belə ki, fevral başlayandan manat möhkəmlənməyə başladı.
Odur ki, sual yaranır, martda bizi valyuta bazarında nə gözləyir ?
“Xatırladım ki, bu mövzuda əvvəlki açıqlamalarımda və şərhlərimdə də manatın məzənnəsinin möhkəmlənməsi prosesinin mart ayında dayanacağını bildirmişdim. Fevral başlayandan manatın möhkəmlənməsi dayanıqlı tendendensiya deyildi. Təkrar edirəm ki, bundan əvvəlki ayda, yəni yanvar ayı ərzində isə manat 8,23 % ucuzlaşmışdı. Fevralda isə bunun əks proseslə əvəz olunacağı məlum məsələ idi. Çünki fevral iqtisadi aktivlik ayı deyil. Odur ki, düz fevralın 16-na kimi manat bahalaşmaqda davam elədi. Ayın sonuna doğru isə bu tendensiya təbii olaraq, səngidi. Və beləliklə də, bütövlükdə artıq, başa çatan sözügedən ay ərzində manatın 10 %-ə yaxın dəyər qazandığı qeydə alındı.
Ancaq artıq, bir neçə gün idi ki, prosesin sanki yanvardakı tendensiyaya doğru dəyişdiyi və manatın cüzi templə də olsa ucuzlaşmasının yenə bərpa olunduğu müşahidə olunmağa başlamışdır. Hesab edirəm ki, bu da qanunauyğun bir proses olaraq qəbul edilməlidir.
Martda idxal məhsullarına tələbat artır. Mart həmçinin, bayramlar ayıdır. İstehlak bazarında tələb genişlənməli olur. Əhalinin də xarici valyutaya tələbi artır. Həm bu, həm də digər bir sıra iqtisadi faktorlar səbəbindən valyuta bazarında yenə gərginlik yaranacağı labüd görünür.
Bununla belə, düşünmürəm ki, dolların yanvardakı qədər bahalaşacağını müşahidə edəcəyik. Düzdür, bütövlükdə mart ayı ərzində manat ucuzlaşacaq. Amma aprelə doğru bu tendensiya yenidən dəyişəcək…”
Aysel İsgəndərov
VOİCEPRESS.AZ