Ölümsüzlüyə qovuşan qəhrəman

0
314065

Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

“UAZ” boz dağların başına dolana-dolana yüksəkliyə qalxırdı. Sürücü şivərək gənc əsgər idi. Yola bələd olması aşkar hiss edilirdi. Çox da işlək olmayan bu yolda dağ sellərinin açdığı yarğanları, sərt döngələri məharətlə keçib gedirdi. Doğrusu, mənzil başına çatmağa yamanca tələsirdik. Amma təbii ki, bu istək nə zamanın sürətinə təsir edir, nə də getdiyimiz yolu qısaldırdı. Narahat olan bu yolla bir vaxtlar qələmə alacağımız yazının qəhrəmanı, şanlı tarixə malik bir xalqın rəşadətli oğlu Mübariz də getmişdi. Maşının pəncərəsindən geriyə boylananda arxada yaşıllığa qərq olmuş Tərtər rayonunun Borsunlu, Ağkənd, Cəmilli kəndləri görünür. Qarşıda isə dağlardır… İsti yay günlərinin ot örtüyünü qovurub saraltdığı dağlar.
Yaranışdan bizim olan bu yüksəklikləri, bütövlükdə isə torpaqlarımızın 20 faizdən çoxunu uzun illərdi ki, erməni faşistləri işğal altında saxlayırlar. Bu həqiqət barədə hansısa bir qəzet yazısını oxumaq, televiziya verilişinə baxmaq, bir söhbətə qulaq kəsilmək bəlkə də asandır. Amma burada, cəbhə bölgəsində, ön xətdə olub namərd düşmənlərimizin, erməni vandallarının layiq olmadıqları dağların yüksəkliyində mövqe tutmasını qəbul etmək çox çətindir! Mübarizin qəhrəman obrazını xəyalımızda yarada-yarada, onu sorğu-suala tuta-tuta mənzil başına çatırıq. Bu da düşmənlə təmas xəttindəki son postumuz. Buradakı əsgərlər də, zabitlər də çox nikbindilər.
Mübariz artıq əfsanəyə çevrilmiş şücaəti, qeyri-adi cəsarəti ilə buradakı oğulların, eləcə də bütöv bir millətin ürəyinə elə qəhrəmanlıq toxumu səpib ki, hal-əhval tutduğun əsgərlərin gözündə şimşək çaxdığını, qığılcım alovlandığını görür, intiqam eşqi ilə çırpınan ürəklərinin döyüntüsünü hərarətlə, qüvvətlə sıxılan əlində duyursan.
…Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib. 2006-cı ildən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılıb. Müddətli hərbi xidmətini başa vurduqdan sonra ürəyindəki qarşısıalınmaz istək onu yenidən ordu sıralarına qaytarıb. Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin gizir hazırlıq kursuna daxil olub, oranı müvəffəqiyyətlə bitirdikdən sonra ehtiyat hərbi hissədə xidmətə göndərilsə də, bundan rahatlıq tapmayıb. Dəfələrlə komandanlığa ərizə ilə müraciətində israrla xahiş edib ki, onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişdirsinlər!
İstəyi reallaşan gizir Mübariz İbrahimov Borsunlu kəndindən xeyli yuxarıda, Şiştəpə adlanan ərazidə yerləşən ön xətdəki hərbi hissədə bir aya yaxın qulluq etmişdi. Zaman etibarilə bu, çox qısa bir dövrdür. Ancaq bu qısa zaman kəsiyində Mübariz sözün həqiqi mənasında zabitlərin də, əsgərlərin də sevimlisinə çevrilmiş, ətrafındakıların böyük məhəbbətini qazanmışdı. Bu gün adı bütöv bir xalqın dilində əzbər olan Mübariz yaşına uyuşmayan təmkini, sanballı davranışı, danışmaqdan çox dinləməyi sevməsi, elədiyi yaxşılığı dilə gətirməməsi, vətən sevgisini şüara çevirməklə yox, vətənə qurban olmağa hər an hazır olması ilə əsgər yoldaşlarının yaddaşlarına həkk olub. Silahdaşları onun haqqında keçmiş zamanda danışmağa çətinlik çəksələr də, xatirələr bir-birinə calanır.
Taqım komandiri, baş leytenant Ağamir Mahmudov:
– Gizir Mübariz İbrahimov bizim hərbi hissədə xidmət etdiyi müddət ərzində əsl vətəndaş, mənəvi cəhətdən zəngin insan, vətənpərvər əsgər olduğunu sübut etdi. O sübut etdi ki, vətəni necə sevərlər, doğma torpağı necə qoruyarlar!
Siyasətdən uzaq bir gənc idi. Ancaq əsgərlər arasında qeyri-rəsmi olsa da, son dərəcə canlı siyasi iş aparırdı. Cümləsinin mübtədası da, xəbəri də vətən idi! İşğal altında olan rayonlarımızın süqut etdiyi tarixləri əzbər bilirdi. Həmişə uşaqlara təlqin edirdi ki, vətəni qorumaq, bu yolda şəhid olmaq bir övlad kimi bizim şərəfli borcumuzdur. Bunun üçün kiməsə minnət qoymaq günahdır. Qəhrəmanlığıyla ölümsüzlüyə qovuşan Mübariz indi bizim üçün iftixar mənbəyi, qürur yeridir! Mübarizin səpdiyi qəhrəmanlıq toxumu artıq minlərlə ürəkdə cücərməkdədir. Bu şücaətin sıradan başqa bir əsgər tərəfindən yeni formada təkrar ediləcəyi heç kəsdə şübhə doğurmasın.
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Tarix qəhrəmanlar yaratdığı kimi, qəhrəmanlar da tarixi yaradırlar. Bu baxımdan günümüzün qəhrəmanı Mübarizin qısa, lakin müqayisəolunmaz dərəcədə mənalı ömür yolu çox şey deyir. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Erməni iddialarının kökü dərinə getsə də, indiki münaqişənin tarixi 1988-ci ildən hesablanır. Mübariz də məhz 1988-ci ildə anadan olub. Dili söz tutandan, ağlı kəsəndən evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb, çox eşidib. Xocalı faciəsi baş verəndə Mübarizin 4 yaşı vardı. Sonralar orta məktəbdə oxuyarkən Xocalı faciəsi haqqında inşa yazanda, televiziya verilişlərində erməni vəhşiliyindən bəhs edən süjetlərə baxanda – həmin süjetlərdə onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqal kişilərə ermənilərin verdiyi işgəncələri seyr edəndə, erməni cəlladlarının günahsız adamları yalnız azərbaycanlı olduğuna görə öldürdüklərini görəndə balaca Mübarizin tər-təmiz ürəyinə indi göstərdiyi qəhrəmanlığın ilk sətirləri yazılır, qəlbinə düşən nifrət toxumu onun körpə cüssəsi ilə bərabər böyüyür, araya-ərsəyə çatırdı.
Bəli, heç kəs anadan qəhrəman doğulmur! Onu dünyaya göz açdığı mühit, yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr yetişdirir! Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində dövlət səviyyəsində aparılan mükəmməl ideoloji işin konkret nəticəsi kimi baxmaq lazımdır Mübarizin hamını heyrətə salan qəhrəmanlığına. Azərbaycan gəncliyinə, Azərbaycan əsgərinə örnək olan, şöhrət gətirən Mübariz mübarək adını ulu bir xalqın qəhrəmanlıq tarixinə öz rəşadəti və qanı ilə yazmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi və onun xatirəsinin əbədiləşdirməsi haqqında sərəncamlar imzalamaqla bütöv xalqın ürəyindən keçənləri gerçəkləşdirdi.
Bəli, vətəni hamı sevir! Amma hamı qəhrəman olmur. Qəhrəmanlığa aparan yol tərəddüddən, götür-qoydan uzaqdır. Mübarizi seçdiyi bu yoldan nə ata-anası çəkindirə bilmişdi, nə də əsgər yoldaşları. Qəzəbini, nifrətini son həddə çatdıran, səbir kasasını daşdıran isə ermənilərin atəşkəs rejimini son günlərdə mütəmadi olaraq pozması olmuşdu.
Mübarizin xidmət etdiyi taqımın komandiri, baş leytenant Tural Həsənovun dedikləri:
– Ermənilər son günlərdə atəşkəs rejimini tez-tez pozurdular. Hər dəfə atəşkəs pozulandan sonra bir qayda olaraq ön xətdəki postların vəziyyəti yoxlanır. Taqım komandirinin müavini olan, cəsarəti, səmimiyyəti, saflığı, ciddi intizamı ilə bütün bölüyün sevimlisinə çevrilən Mübariz hər dəfə atışmadan sonra postları özü yoxlayar, əsgərlərin vəziyyətindən hali olar, yalnız bundan sonra rahatlıq tapardı. Son günlər isə ermənilərin cığallığı onu lap hövsələdən çıxarmışdı. Döyüş növbətçiliyində olarkən, 18 iyun 2010-cu il tarixdə saat 23.00-dan 23.30 radələrinə kimi Talış-Borsunlu istiqamətində düşmən qüvvələrinin atəşkəs rejimini yenidən pozması nəticəsində aparılan şiddətli döyüş zamanı gizir Mübariz İbrahimov yüksək şəxsi rəşadət və şücaət nümayiş etdirmiş, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmiş, mövqelərimizin toxunulmazlığını canı bahasına qorumuşdur.
O ağır, qeyri-bərabər döyüşdə Mübariz şəhid olub əbədiyyətə qovuşdu. O, geri dönməyəcəyini onsuz da əvvəlcədən bizə demişdi. Məqsədi gücü yetənə, patronu çatana qədər qisas almaq idi. Amma çox təəssüf ki, ürəyindəki arzularını sona qədər həyata keçirib torpaqlarımızın işğaldan azad olacağı günü görmədi. Əslində, bu, bir nəfərin gücüylə mümkün olası iş də deyildi.
Mübariz şəhid olan gecənin sabahı bütün bölük yığışıb onun xatirəsinə sonsuz ehtiramını bildirdi. Müqəddəs ruhu qarşısında baş əyib and içdik. Söz verdik ki, onun qəhrəmanlığını davam etdirəcək, torpaqlarımızdan geri çəkilməyənədək düşmənə aman verməyəcəyik! Mübarizin qəhrəmanlığı ordumuzdakı onsuz da güclü olan döyüş ruhunu, əhval-ruhiyyəni daha da yüksəyə qaldırmışdır. Əsgərlərimizin hər biri cəngavərdir! Qələbəyə yenilməz inam, düşmənə sonsuz nifrət indi onların varlığına hakim kəsilib! Sevimli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə müntəzirik ki, düşmənin üstünə atılaq, onlara layiq olduqları cəzanı verək! Yaralı torpaqlarımızın, oğul, ər, qardaş yolu gözləyən analarımızın, qız-gəlinlərimizin qisasını alaq!
…Deyirlər, Mübariz baharı çox sevərdi. Yazda açılan gülə-çiçəyə tamaşa etməkdən doymazdı. Təəssüf ki, cəmi iyirmi iki bahar yaşadı. Şəhidlik zirvəsinə qovuşanda da elə ömrünün bahar çağıydı. Qaynar gəncliyin sevib-sevilən dövrünü yaşayırdı. Döyüşçü yoldaşları onun şəxsi həyatı barədəki suallarımıza oxşar cavablar verirdilər.
Qürur Şəmilov Mingəçevirdəndir. Xidmət müddətini başa vursa da, dostu Mübariz kimi, yenidən ordu sırasında, ön xətdədir. İndiki hərbi hissəyə Mübarizlə eyni vaxtda gəlib. Yaxın dost olublar. Əslində, Mübarizlə hamı dost idi.
Döyüşçü Qürur Şəmilov cəbhə dostu haqqında xatirələrini bizimlə belə bölüşür:
– İlk vaxtlar elə zənn edirdim ki, Mübariz şəxsi həyatı barədə ürəyindəkiləri məndən gizlədir. Doğrusu inanmırdım ki, belə yaraşıqlı, mehriban, boy-buxunlu, saf ürəkli cavan oğlan sevgiyə biganə qalsın, kimisə sevməsin, kim tərəfindənsə sevilməsin. İkilikdə söhbətlərimiz çox olub. Duyğularını mənimlə bölüşəndə ondakı iradəyə, mərdliyə qibtə edirdim. Özün cavan oğlan olasan, amma həyata belə real, ağıllı nəzərlərlə baxasan.
Söhbət zamanı deyirdi ki, qardaş, daş parçası deyiləm ha, mənim də qəlbim var, ürəyim var. Amma bu barədə bir kimsə, heç xoşladığım qızın özü də bilmir. Deyirdi bu sirri ona görə açmıram ki, ürəyimdəki vətən sevgisinə kölgə düşər. Onun üçün vətən hər şeydən üstün, hər şeydən qiymətli idi! Həmişə söz düşəndə gülə-gülə deyirdi ki, mənim bir sevgilim var, o da vətəndir! Tək olanda bu yalçın qayalarla, yovşan qoxulu boz dağlarla dərdləşirəm. Vətən torpağı düşmən tapdağındadırsa, biz necə çalıb-oxuya bilərik, qol qaldırıb oynamağa haqqımız çatırmı?
Onun bir fikri heç vaxt yadımdan çıxmaz. Deyirdi, qardaş, siz özünüz bilərsiniz, hərənin öz yolu var. Mən isə yolumu seçmişəm. Düşmənə qan qusdurub ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz! Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən!
Bax, Mübarizin mənə son sözləri bu oldu. Səmimi deyirəm, belə geniş ürəyə, kindən-küdurətdən uzaq qəlbə malik, vətən sevgisi aşıb-daşan bir insan haqqında nə kitablarda oxumuşdum, nə kinolarda görmüşdüm, nə də həyatda rastlaşmışdım. O, sözün həqiqi mənasında bənzərsiz qəhrəman idi! Ondakı bir xarakterik cəhəti də yada salım… çox humanist və yanımcıl idi. Əsgərlərə son dərəcə qayğı ilə yanaşırdı. Kasıb ailənin uşaqlarına həmişə əl tutardı. Maaşı alan kimi bir hissəsini onların arasında bölüşərdi. Hər ay evə də pul göndərərdi…
Döyüşçü Qürurun söhbətinə sakitcə qulaq asmaq olmur. İnsanın varlığında qeyri-adi hisslər oyanır. Ürəyindən kövrək duyğular keçir. İyirmi iki yaşlı gənc qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən. Onun döyüşdüyü səngərdə, keşik çəkdiyi postda daşların üstündə oturub döyüşçülərlə söhbət etməkdən doymursan. Təsəlli tapırsan ki, nə yaxşı xalqımızın belə mərd, qəhrəman oğulları var! Belə oğlu olan vətən isə heç vaxt basılmaz!
…Sən vətəni canından, qanından artıq sevdin, Mübariz! Vətən sənə oğul dedi! Sən özünü xoşbəxt sandın, fərəhindən qanad açıb quş kimi uçdun. İncitməmək üçün ayağını da ehmalca qoyduğun bu torpaqlardan güc aldın. Qana susayan düşməni qanda boğub əlçatmaz, ünyetməz göylərə ucaldın! O göylərə ki, şəhidlərimizin nigaran ruhları dolaşır orda. Qəhrəmanlığınla onlara necə böyük təsəlli verməyin ölçüyə gəlməz. Gücü başqa heç nəyə çatmayan düşmən qəzəbindən sənin cansız cəsədini də vermədi. Qoy olsun, düşmən sənin cansız bədəninin də gücünü, əzəmətini anlayır…
Tanrısını, vətənini canından artıq sevən oğul, sən istəyinə çatdın. Əvvəlcədən öz qisasını da alandan sonra şəhid olub arzuna qovuşdun. Cəsədin əlimizdə yoxdusa, onda qərar tutduğun məkan göylərdi! Səni kimsə qaldırmadı, özün ucaldın o göylərə! Sən torpağa gömülmədin, köç etdin könüllərə! İndi isə azadlıq nəğməsində nəqarətə çevrilib 9 milyon azərbaycanlının dilində eyni vaxtda səslənirsən! Candan, qəlbdən sevdiyin qönçə qızılgüllərə çevrilib vətən təşnəsi olan könüllərdə sevilə-sevilə bəslənirsən! Sən səpdiyin toxumların cücərdiyi vətən məhəbbəti ilə dolu bu ürəklər heç vaxt susmayacaq, sevdiyin, oxşadığın qızılgüllər heç zaman solmayacaq! Ulu öndərimizin qurub yaratdığı müstəqil Azərbaycan dövləti yaşadıqca sən də var olacaqsan!
…İndi Şiştəpə yüksəkliyində düşmənlə ara məsafəsinin 25-30 metr olduğu ön xətdə bir postumuz yerləşir. İllərdən bəri cəsur əsgərlərimiz orada dayanıb keşik çəkirlər. Bu postda Mübarizin də ayaq izləri var. Buradakı daşa, torpağa onun nəfəsi hopub. İndi bu post Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Cəsur döyüşçülərimiz qəhrəmanın adını daşıyan bu fəxri posta göndərilməyi haqlı olaraq onlara göstərilən etimad kimi qəbul edir, Mübarizin şərəfli adına layiq olmağa çalışırlar.
Başını dik tut, Vətən! Bir oğlun qəhrəmanlıq göstərib şəhid oldusa, yerində minləri, on minləri var. Qeyrətli oğulların bir qarış torpağını da erməni işğalı altında qoymayacaqlar! Təkcə Mübarizin şücaəti ilə lərzəyə düşən erməni ordusunun süqutuna az qalıb. Bu süqutu gerçəkləşdirmək, Qarabağı azad etmək indi həm də Mübarizin ölməz ruhu qarşısında tarixi borcumuzdur!..
Bu vətən bizə artıq həm də Mübarizin əmanətidir!..

Lazım Quliyev

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here