İlham Əliyev: “Azərbaycanla Avropa İttifaqı arasında etimad yüksək səviyyədədir”

6 Fevral, 15:56

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini ilə işçi səhər yeməyi edib.

Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini əməkdaşlığımızın daha da möhkəmləndirilməsi, əlaqələrimizin bundan sonra da genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd etdi, Avropa İttifaqında dövlətimizin başçısının keçirdiyi görüşlərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmli olduğunu bildirdi. Azərbaycan ilə əməkdaşlığın Avropa İttifaqı üçün böyük önəm daşıdığını vurğulayan Federika Moqerini “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Federika Moqerini bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd etdi və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini dedi.

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasını vitse-prezidenti Federika Moqerininin ölkəmizə səfərindən ötən dövr ərzində əlaqələrimizin daha da inkişaf etdiyini bildirdi. Avropa İttifaqı ilə əməkdaşlığımızın genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün yaxşı mesaj olduğunu deyən dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycan üçün etibarlı dost və tərəfdaş olduğunu söylədi. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here