VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
AİF-in prezidenti qeyd edib ki, Azərbaycanı və Belarusu çətin sınaqlar gözləyir:
“Düşünürəm ki, bizdən ciddi həmrəylik və diqqət tələb olunur. Əsas isə odur ki, Azərbaycan Ermənistanla bir ittifaqda olan ölkəni özünə dost ölkəyə çevirə bilibsə, halaldır. Bu, böyük, çox böyük bir uğurdur.
Həm də düşünürəm ki, bloqçu-proqramçı statusu, “ifadə və söz azadlığı” arqumentləri Lapşinin elədiklərinin qarşısında onun müdafiəsi üçün ciddi arqumentlər deyil. Özünə hörmət edən ölkə üçün, beynəlxalq qurumlar və beynəlxalq normalar üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı bu arqumentlərdən üstündür”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqer Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib.
A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
O, Azərbaycan tərəfinin tələbi ilə 2016-cı il dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Əlavə edək ki, A.Lapşinin həm Rusiya, həm də İsrail vətəndaşıdır. Bundan başqa, onun Ukrayna pasportu da var.
VOİCEPRESS.AZ