VOİCEPRESS ARB Şəki-yə istinadən xəbər verir ki, kreditlə anasına qara mərmərdən başdaşı düzəltdirən Şakir Mürşüdov hələ də borcunu ödəyə bilmir: “Anam rəhmətə gedəndə kimdən pul istədim, olmadı. Məcbur olub bankdan pul götürüb, anama qəbir düzəltdim. Hələ də ödəyib bitirə bilmirəm”.
Məzarlıqlar dəbdəbəli qəbir daşları ilə dolsa da, bu halı normal qarşılamayanlar da var. Şəkinin yeni salınacaq qəbiristanlığında bu dəbdəbəli qəbir daşlarının qoyulmasına icazə verilməyəcək.
“Məzar yerləri və məzarlıqlar haqqında” qanun layihəsi bu istiqamətdəki rəqabətə son qoyacaq.
Digər tərəfdən, qəbirstanlıqlarda insanların əvvəlcədən yer götürməsi də mümkünsüz olacaq. Artıq bələdiyyələr qəbiristanlıqlara nəzarət funksiyası ilə bağlı addımlarını müəyyənləşdiriblər. Nəzarət onlara veriləcəyi təqdirdə bütün qəbirlərin standart olacağına təminat verirlər. Qanun qəbul olunarsa, problemlərin həllinə yol açılacaq. Əks halda doğmasını itirən şəxs ona ürəyincə bahalı və heykəli xatırladan məzar daşı düzəltdirə bilmədiyi üçün hələ çox borca düşəcək.
VOİCEPRESS.AZ