Aparat rəhbəri: Təqsirləndirilənlər yekun qərara qədər pul girovu müqabilində azadlığa buraxıla bilərlər

18 Fevral, 08:08

Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladağı sərəncam ölkə başçısının həyata keçirdiyi humanist siyasətin davamı olaraq cinayət təqibi və cəza təyini prosesində azadlıq hüququnun daha səmərəli müdafiəsi, cəzanın qarşısına qoyulmuş məqsədlərə çatmaqla cəzanın effektivliyinə nail olunması istiqamətində mühüm vəzifələr nəzərdə tutur.

Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı Trend-ə bildirib ki, azadlıq hüququ doğulduğu andan hər bir insanın təbii və ayrılmaz hüququdur və beynəlxalq hüquq normalarında azadlıq hüququ əsas insan hüquqları sırasında özünəməxsus mühüm yer tutur:

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu və 11-ci maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsi və Konvensiyaya əlavə 4 saylı Protokolun 1-ci maddəsi azadlıq hüququnun təmini ilə bağlı müddəaları özündə ehtiva edir. Qeyd olunan beynəlxalq sənədlərin iştirakçısı olan Azərbaycanda həyata keçirilən demokratik hüquqi islahatlar insan hüquq və azadlıqlarının ümumi qəbul edilmiş beynəlxalq prinsiplər çərçivəsində qorunması sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb. Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarında insan hüquq və azadlıqları, o cümlədən azadlıq hüququ müdafiə altına alınır, bu hüququn daha səmərəli təmini məqsədilə cinayət təqibi və cəza təyini sahəsində səlahiyyətlərə malik dövlət orqanları qarşısında konkret vəzifələr qoyulur. Sərəncamda cinayət təqibi həyata keçirilən zaman zərurət olmadan şəxslərin həbs edilməsi hallarının aradan qaldırılması məqsədilə ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi kimi vəzifələr müəyyən edilib. Cinayət Prosessual Məcəlləsində qətimkan tədbirinin anlayışı və növləri, eləcə də onların tətbiqi əsasları, seçilməsinin şərtləri, ümumi qaydası və bununla bağlı digər məsələlər ətraflı tənzimlənib”.

A.Səfixanlı deyib ki, adı çəkilən Məcəllənin 154.2-ci maddəsində qətimkan tədbirlərinin həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma növləri fərqləndirilib:

“Lakin aparılmış araşdırmalar və analitik təhlillər göstərir ki, cinayət təqibi həyata keçirilən zaman prosessual qanunvericilikdə təsbit olunmuş qətimkan tədbirləri sırasında daha çox həbs qətimkan tədbiri növünə üstünlük verilir, həbsə alternativ qətimkan tədbirləri növləri demək olar ki, az tətbiq edilir”.

A.Səfixanlı hesab edir ki, bu baxımdan başqa ölkələrin də təcrübəsi nəzərə alınmaqla cinayət törətməkdə təqsirləndirilən şəxslərin barəsində məhkəmə tərəfindən yekun qərar verilənədək digər qətimkan tədbirlərindən – pul girovu müqabilində azadlığa buraxmaq, ev dustaqlığı, başqa yerə getməmək barədə iltizam almaq, zaminə buraxılmaq kimi qətimkan tədbirlərindən istifadə edilə bilər:

“Bu sərəncam həbs edilən şəxslərin sayının artması, penitensiar müəssisələrin yüklənməsi nəzərə alınaraq, həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün araşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunun araşdırılması, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlillərin yoxlanılması ilə bağlı fəaliyyətlərin icrasında yeni islahatların aparılmasına şərait yaradacaq. Sərəncamda azadlıq hüququnun təmin olunması sahəsində nəzərdə tutulan vəzifələrin ikinci istiqaməti cəza təyini prosesində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara yer verilməsi ilə əlaqədardır. Cinayət Məcəlləsinin 42-ci maddəsində təsbit olunmuş cəza növləri sırasında cəzanın cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növləri fərqləndirilir”.

A.Səfixanlı əlavə edib ki, lakin təcrübədə daha çox müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının, o cümlədən böyük ictimai təhlükə törətməyən və az ağır, iqtisadi fəaliyyət sahəsində cinayətlərə münasibətdə tətbiqi, bu sahədə törədilən cinayətlərin dinamikasının süni olaraq artmasına, cəzaçəkmə müəssisələrində məhkumların sayının çoxalmasına gətirib çıxarıb:

“Bu sərəncam məhz bu problemlərin həlli məqsədilə istintaq və məhkəmə orqanlarına ünvanlanan, cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsində müsbət dəyişikliklərə gətirib çıxaracaq. BMT-nin müqavilə qurumları tərəfindən ölkəmizə münasibətdə təqdim olunan tövsiyələrdə də həbs qətimkan tədbirlərinin daha çöx tətbiq olunmasından narahatlıq ifadə olunub. Bu sərəncamın icrası cinayət təqibi və cəza təyini prosesində şəxsin azadlıq hüququnun zərurət olmadan məhdudlaşdırılması hallarının aradan qaldırılması sahəsində kompleks institusional, qanunverici və praktiki tədbirlərin həyata keçirilməsində inkişafa mail olmağa imkan verəcək. Sərəncamda həmçinin, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması kimi cəzanın məqsədlərinə çatmaq üçün mövcud problemlərin həll edilməsi, cəzanın effektivliyinə nail olması istiqamətində kompleks vəzifələr də nəzərdə tutulub. Qeyd etmək istərdim ki, cəzanın effektivliyini müəyyənləşdirmək üçün məhkəmə tərəfindən cəza tətbiq olunduqdan sonra əldə olunmuş nəticə ilə qarşıya qoyulmuş məqsəd müqayisə edilməli və cəzanın effektlilik səviyyəsi müəyyən edilməlidir. Ümumiyyətlə, cəzanın effektivliyinə cəzanın ədalətli seçilməsi ilə yanaşı, həmin cəza növünün düzgün və səmərəli realizə olunması da mühüm təsir göstərir”.

A.Səfixanlı bildirib ki, sərəncamda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 43-ci maddəsinə əsasən, əsas cəza kimi tətbiq edilən ictimai işlər cəzasının icrası prosesində problemlərin olduğu, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmədiyi və cəzanın qarşısına qoyduğu məqsədlərə nail olunmadığı qeyd olunaraq ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, ictimai işlər növündə cəza çəkən məhkumların iş yerlərində dəqiq qeydiyyatının təşkil edilməsi, həmin işlərdən yayınmanın qarşısının alınması və işlənmiş vaxtın dəqiq uçotunun aparılması üçün tədbirlərin görülməsi ilə bağlı mühüm tapşırıqlar verilib:

“Sərəncamda bununla bağlı hüquq mühafizə orqanları ilə yanaşı yerli icra hakimiyyəti orqanları qarşısında da müvafiq vəzifələr qoyulub. Sərəncamda yerli icra hakimiyyəti orqanlarına ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahılarının təxirəsalınmadan müəyyən olunması və həmin siyahıların mütəmadi olaraq icra məmurları ilə razılaşdırılması tapşırılıb. Ümimiyyətlə, sərəncamda nəzərdə tutulmuş tapşırıqlar cəza siyasətinin humanistləşdirilməsinə, penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə, cinayət təqibi və cəza təyini prosesində azadlıq hüququnun daha səmərəli müdafiəsinə, cəzanın effektivliyinin artırılmasına şərait yaradacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here