Rafael Cəbrayılov:”Mübarizənin ən səmərəli üsulu həmin sahədə iqtisadi rəqabətin yaranmasını təmin etməkdir”

20 Yanvar, 21:19

“İnhisarçılıqla səmərəli mübarizənin aparılması, həmin sahədə iqtisadi rəqabətin təmin edilməsi üçün müvafiq qanunvericilik bazasının olması zəruridir”

“Ümumiyyətlə, inhisarçılıq hansı ölkənin iqtisadiyyatında olmasından asılı olmayaraq əhatə etdiyi sahədə iqtisadi inkişafın buxovuna çevrilməklə yanaşı, sosial siyasətə də ciddi mənfi təsirlərini göstərir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Milli Məclisin üzvü Rafael Cəbrayılov deputat Vahid Əhmədovun “Bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir” kimi fikirlərinə münasibət bildirərkən, bu durumun ölkə iqtisadiyyatına təsirindən də, danışıb.

Onun sözlərinə görə, inhisarçılığın mövcud olduğu sahədə qiymətlərin formalaşması da, inhisara alınmış hesab edilir: “İnhisarçılığın iqtisadi rəqabəti istisna edən bir hal olduğunu nəzərə alsaq, onunla mübarizənin ən səmərəli üsulu həmin sahədə iqtisadi rəqabətin yaranmasını təmin etməkdir. İqtisadi rəqabət bazar iqtisadiyyatı şəraitində inhisarçılıqla səmərəli mübarizənin aparılması, qiymətlərin aşağı salınması, həmin iqtisadi sahənin sürətli inkişafının təmin edilməsi, daha ucuz malların və xidmətlərin təklif edilməsidir. Bu da, nəticə etibarilə, insanların maddi rifahının yaxşılaşdırılmasına imkan verən uğurlu sosial siyasətin aparılmasına gətirib çıxarır. İnhisarçılıqla səmərəli mübarizənin aparılması, həmin sahədə iqtisadi rəqabətin təmin edilməsi üçün müvafiq qanunvericilik bazasının olması zəruridir. Belə olan halda dövlətin antiinhisar siyasəti də, uğurla həyata keçirilər. Azərbaycan iqtisadiyyatında inhisarçılıq hallarının olması heç kim üçün sirr deyil. İnhisarçılıqla səmərəli mübarizə apara bilən dövlət qurumlarının yaradılması, Azərbaycan Respublikasi Rəqabət Məcəlləsinin qəbul edilməsi zəruridir. Bu məcəllənin layihəsi Milli Məclisdə iki oxunuşdan keçib. İkinci oxunuşda irəli sürülən irad və təkliflər nəzərə alınaraq, məcəllə üzərində yenidən işlənilməkdədir”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here