“20 yanvar” stansiyasında şəhidlər yad edildi
Vətənimizin azadlığı, müstəqilliyi yolunda canlarını qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərimizin əziz xatirəsini “Bakı Metropoliteni” QSC kollektivi daim dərin hüzn və ehtiramla yad edir.
VOİCEPRESS-in Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də anım mərasimi keçirilib. Təsdiq edilmiş tədbirlər planına əsasən, bu gün metropoliten kollektivi gücləndirilmiş iş rejimində çalışır.
Ümumxalq Hüzn Günü ilə əlaqədar bütün stansiyalara, qatarların ön şüşələrinə qərənfillər düzülüb, mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları səsləndirilir.
1990-cı il 20 yanvar gecəsinin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən «20 Yanvar» stansiyasının plaftormasında hər il olduğu kimi, xüsusi eskizlər əsasında hazırlanmış güllərdən ibarət bədii kompozisiya qurulub. Kompozisiyada Qanlı Yanvar mövzusuna uyğun gələn milli ornamentlərdən, ələlxüsus xalçaçılıq elementlərindən istifadə olunub.
Platformanın hər iki tərəfdən giriş hissəsində güllərdən hazırlanmış metropolitenin loqotipi və hüzn gününün ildönümünü əks etdirən «27» rəqəmi, tam mərkəzdə isə səkkizguşəli ulduz qurulub.
Gün ərzində şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın ifadəsi olaraq, bədii kompozisiyanın ətrafında metropolitençilərdən ibarət fəxri qarovul dayanır.
Saat 12:00-da ölkə ərazisində, bütün nəqliyyat vasitələrində olduğu kimi, metropolitendə də qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib.
“Bakı Metropoliteni” QSC-nin rəhbər heyəti və kollektivin nümayəndələri bu məqamı “20 Yanvar” stansiyasının platformasında sərnişinlərin əhatəsində qeyd ediblər.
VOİCEPRESS.AZ