Kambocada bu hərəkətləri qətiyyən etməyin! (11 FOTO)

10 Yanvar, 09:54

Kambocada bu hərəkətləri qətiyyən etməyin! (11 FOTO)

Bir neçə il əvvələdək Kamboca turistlərin üzünə bağlı idi. Lakin indi ilin hər fəsli milyonlarla turisti qəbul edir. VOİCEPRESS bu kiçik, lakin qeyri-adi adət ən-ənəyə sahib ölkəni ziyarət edəcək hər bir turistin bilməsi vacib on qaydanı təqdim edir.

Kamboca meşələrində gəzmək
“Human Rights Watch” agentliyinin məlumatına görə 1995-ci ildə meşədə 10 milyondan çox mina qeydə alınıb. Bu minalar 1967-1975 ci il Vətəndaş müharibəsi (Hakimiyyət və Kommunist tərəfkeşləri arasında) dövründən qalmaqdadır. Ərazini bütün minalardan təmizləmək isə küllü miqdarda pul tələb edir. Belə ki, bir minanın təmizlənməsinə 300$-dan 1000$ -dək xərc çıxır. Odur ki, turistlər, Kamboca meşələrində piknik qurmaq arzusundan bir dəfəlik imtina edin.

Ağ bağlamada hədiyyə vermək
Ağ rəng Kambocada matəm rəngi hesab edilir. Odur ki, ağ rəngdə olan güldən tutmuş, istənilən növ hədiyyələrdən uzaq durun. O rəngdə bağlamaya belə əl uzatmayın. Təsadüfən ağ bağlamada hədiyyə vermiş olsanız, Kambocalı sizin onun ölümünü arzu etdiyinizi düşünəcək.

Uşaqlara pul vermək
Kamboca hələ də kasıb ölkələrdən hesab edilir. Küçələrdə, xüsusən də turistlərin bol olduğu ərazilərdə pul dilənən uşaqlar hədsiz çoxdur. Bunu onlardan valideynləri tələb edir. Lakin bilin ki, uşaqlara pul verməklə onların təhsildən uzaqlaşmasına təsir edəcəksiniz. əgər o uşaqların oxuması üçün pul vermək fikrinə düşsəniz “Friends International”-a müraciət edin. Bu qurum ölkədəki kasıb uşaqların təhsil almağına kömək edir.

Kambocalının başına toxunmaq

Kambocalılara görə baş bədənin ən müqəddəs yeridir. Dini fikirlərə əsasən Kambocalılar hesab edirlər ki, insanın ruhu onun başında yaşayır və kimsə başına toxunsa ruhunu narahat etmiş olar. Əgər təsadüfən əliniz kambocalının başına dəyibsə, dərhal üzr istəyin. Həm sizin əlləriniz niyə kambocalının başına dəyməlidir ki? Əllərinizə diqqət edin.

Məbədə başı bağlı və ayaqqabı ilə keçmək

Məbədə baxmaq istəsəniz mütləq ayaqqabılarınızı və baş örtüyünüzü (papaq, yaylıq) çıxardın. Kambocalılar hesab edirlər ki, ayaqqabılar məbədə çirk gətirir. Bunu kambocalının evinə girərkən də unutmayın. Biz xalq olaraq bir evə daxil olanda ayaqqabıları çıxartdığımıza görə, məncə bu qaydaya riayət etmək heç də çətin olmayacaq.

Ayaq uclarını kambocalıya tərəf uzatmaq
Kambocalılar insan bədəninin ən çirkli hissi kimi ayaqları görürlər. Əgər ayaqlarınızı kambocalıya tərəf uzatmış olsanız özünə qarşı hörmətsizlik kimi hesab edəcək.

Yad uşaqla təkbətək qalmaq
Kambocada uşaqların cinsi istismarı ən ağır cinayət hesab edilir və təəssüf ki, nadir hadisələrdən də hesab edilmir. Lakin bilməlisiniz ki, sizə yad uşaqla təkbətək qalsanız heç bir sual-cavab etmədən, məhkəmə, polis qarışmadan ölümə məhkum ediləcəksiniz. Belə ki, ən ağır cinayət məhz uşaqların cinsi istismarıdır. Uşaqla ünsiyyət qurmaq istəsəniz mütləq yanında böyüklərindən kiminsə olmasına diqqət edin.

Ayaqları yana qatlayıb oturmaq
Əgər kambocalı biri sizi evinə qonaq dəvət edibsə, bilin ki, süfrə yerdə qurulacaq. Ən vacibi o süfrə arxasında düzgün oturmaqdır. Avropalılar üçün bu oturuş bir qədər çətindir. Lakin unutmayın ki, ayaqları yana qatlayıb (Nilufər pozası) oturmaq ev sahibinə böyük hörmətsizlikdir. Ən düzgün oturuş forması ayaqları qıclarınızın altına yerləşdirib oturmaqdır. Ya da Məbəddə necə oturulursa, o cür də oturmaqdır.

Yemək əsnasında səs çıxartmaq

Azərbaycanda olduğu kimi Kambocada da süfrə arxasında danışmaq düzgün deyil. Eyni zamanda yemək əsnasında səs çıxartmaq (ağız marçıldatmaq) hörmətsizlik hesab edilir. Bundan əlavə yemək çubuqlarınızın boşqaba dəyərək səs etməməsinə də diqqət etməlisiniz.

Düyünü tamamlamadan qalxmaq

Ev sahibi sizi evinə dəvət edib və sizə süfrə açıbsa, təqdim edilən bütün yeməkləri axıradək yeməlisiniz. Ən vacibi isə boşqabınızdakı düyüdür. Əgər düyüdən bir az belə olsa artıq qalsa siz ev sahibinə ən böyük hörmətsizliyi etmiş sayılacaqsınız. Eyni zamanda bu addımınızla Kamboca mədəniyyətinə və adət ən-ənələrinə hörmət etmədiyinizə işarə etmiş olacaqsınız. Bizdən demək…

Xəyalə Murad

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here