Ermənistanda təxminən üç aydan sonra keçiriləcək parlament seçkilərinin rəsmi startı elan edilməsə də, qeyri-iqtidar siyasi partiyaları seçki blokları yaratmağa başlayıblar.
VOİCEPRESS BBC-yə istinadən bildirir ki, bu, ötən il qəbul olunmuş yeni konstitusiya üzrə ilk dəfə keçirilən seçkilər ölkədə parlament idarəetmə sisteminin tətbiq edilməsini nəzərdə tutur. Yeni konstitusiya üzrə prezident seçkiləri keçirilmir, ölkə prezidentinin seçilməsi və hökumət kabinetinin formalaşdırılması ilə Milli Məclis məşğul olur.
“İlk üçlük”
İlk üç müxalif partiya hələ ötən ilin dekabrında 2017-cil, aprelin 2-də parlament seçkilərinə vahid blokla qatılacaqlarını elan etmişdilər.
Sabiq Ermənistan müdafiə və baş naziri Vazqen Sarkisyanın qardaşı Aram Sarkisyanın rəhbərlik etdiyi “Respublika”, sabiq jurnalist, millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” və müstəqil millət vəkili Edmon Marukyanın başcılıq etdiyi “Maariflənmiş Ermənistan” partiyaları dekabrın 12-də seçkilərdə vahid blokla iştirak etmək haqqında memorandum imzaladılar.
“Biz hakim rejimlə birgə mübarizə üçün birləşirik”, – Respublika Partiyasının sədri Aram Sarkisyan bəyan etdi.
Nikol Paşinyan və Aram Sarkisyan əvvəlki prezident seçkilərində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqreslə sıx əməkdaşlıq ediblər.
Hələlik Erməni Milli Konqresinin başqa qüvvələrlə birləşəcəyi məlum deyil, partiya yalnız seçki siyahısına Ter-Petrosyanın başçılıq edəcəyini bəyan edib.
Sabiq rəsmilərin seçki bloku
Bu yaxınlarda “Üçüncü respublika” partiyasını yaradan Ermənistan prezident aparatı rəhbərinin sabiq müavini Viktor Dallakyan, daha əvvəl bəyan etdiyi kimi, 2017-ci il parlament seçkilərinə “müxalif meydanda” iştirak edəcək.
Bu gün “Üçüncü respublika”, Ermənistan Demokrat Partiyası və sabiq xarici işlər naziri Vardan Oskanyanın ötən il təsis etdiyi “Konsolidasiya” partiyalarının seçki bloku yaratdığı elan olunub.
Demokrat Partiyasının sədri Aram Sarkisyan da Robert Koçaryanın prezidentliyi dövründə 1-2 il prezident müşaviri vəzifəsində çalışıb.
Daha əvvəl Viktor Dallakyan təsis etdiyi partiyaya bu il istefaya göndərilən müdafiə naziri Seyran Ohanyanın da qatılacağını bəyan etmişdi.
Bu günlər sabiq müdafiə naziri Facebook səhifəsində müxtəlif siyasi partiya, ictimai təşkilat, tanınmış xadim və ziyalı nümayəndələri ilə “siyasi konsultasiyalar” apardığını bildirmişdi.
Ohanyan bu görüşləri nəticəsində “ölkənin yaranmış vəziyyətdən çıxarılması üzrə realistik proqram və yol xəritəsini hazırlamağa qadir olan həmfikirlər komandasını formalaşdırmaq” niyyətində olduğunu bildirib.
“Qovulmuş oliqarxın” qayıdışı
Nəhayət, Ermənistanın ən varlı və nüfuzlu sahibkarlarından biri, 2015-ci ildə prezident Serj Sarkisyanın tənqidi və təhqiranə çıxışından sonra “siyasətdən çıxmağa” məcbur edilən Firavan Ermənistan Partiyasının təsisçisi olmuş Qaqik Tsarukyan yenidən “böyük siyasətə” qayıdıb 2017-ci il seçkilərində iştirak etmək qərarını elan etdi.
“Daxili və xarici təhdidləri, eləcə də ictimai tələbləri nəzərə alaraq, elan edirəm ki, siyasi fəaliyyətimin bağlı səhifəsini açıram və geniş blok yaradaraq 2017-ci il parlament seçkilərində iştirak edəcəyəm”, – yaxın qohumuna malik televiziya kanalı ilə çıxışında Tsarukyan bəyan edib.
Tsarukyan heç hakimiyyətdə olmağa can atmadığı, hər hansı vəzifə tutmaq istəmədiyini bildirib. 2015-ci il fevralda “siyasi fəaliyyəti səhifəsini” bağladığınıisə “xalqın ədalətli və dinc narazılıq dalğasının qarşıdurma və qan tökülməyə cevrilməsinə” yol vermək istəmədiyi ilə izah edib.
Hələlik Tsarukyanın seçkilərdə başqa siyasi qüvvələrlə birlikdə iştirak edəcəyi məlum deyil, lakin onun qayıdışının seçkilərin nəticələrinə ciddi təsir edəcəyini heç kəs inkar etmir.
Tsarukyan öz xeyriyyəçiliyi ilə tək yaşadığı Kotayk vilayəti deyil, bütün Ermənistanda ad çıxarıb. Onun təsis etdiyi Firavan Ermənistan Partiyası da Ermənistan parlamentində, hakim ERP-dən sonra, sayca ikincidir.
Yerli təhlilçilər hesab edirlər ki, seçkilərdə yalnız Tsarukyan öz nüfuzu və maliyyə imkanları ilə hakim ERP-yə rəqabət təşkil edə bilər, lakin onun seçkilərə qatılması heç də müxalifətin qələbə şanslarını artırmır.
“Təbii ki, Tsarukyanın qayıdışı seçkilərin nəticələrinə təsir edər, onun müəyyən elektoratı vardır. Hazırda yaradılan bir çox partiya və seçki blokları onun qayıtması ilə bağlı parlamentə keçə bilməz. O isə səsləri iqtidardan, Ermənistan Respublikaçılar Partiyasından deyil, müxalif və qeyri-iqtidar partiyalardan alacaq”, – siyasi texnologiyalar üzrə ekspert Karen Koçaryan jurnalistlərə deyib.
VOİCEPRESS.AZ