Azərbaycanın AŞPA-da təmsilçiliyinin dayandırılması tələbinin arxasındakı məkrli oyunlar…
Mediada Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair bir qrup azərbaycanlı tərəfindən müraciət edilməsi xəbəri yayılıb. Müraciəti 58 nəfərin (QHT təmsilçisi, KİV əməkdaşı, hüquqşünas) imzaladığı qeyd edilib. Düzdür, bir neçə nəfər artıq saytlara açıqlama verərək, belə bir müraciətə imza atmadığını bəyan edib. Amma məsələnin mahiyyəti bu deyil.
VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, məsələnin mahiyyəti odur ki, hazırkı həssas dönəmdə Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da təmsilçiliyinin alınması, səsvermə hüququnun dayandırılması birmənalı şəkildə Ermənistanın marağındadır. Hələ 2016-cı ilin oktyabr-noyabr aylarından başlayaraq, erməni KİV-lərində belə bir xəbər yer almağa başlamışdı ki, 2017-ci ildə Ermənistanın hədəflərindən biri də Azərbaycanın AŞPA-da fəaliyyətini əngəlləməkdir. Çünki son 2 ildə AŞPA-da Ermənistan əleyhinə mühüm qərarlar verilib, bu məhz Azərbaycanın uğurudur. Məsələn, 2016-cı ildə ilk dəfə olaraq AŞPA-da Ermənistanın işğalçı kimi rəsmən tanındığını özündə ehtiva edən 2085 saylı qətnamə qəbul edilib. Bundan başqa, 2015-ci ildə Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamənin qəbuluna imkan verilməyib. Bu səbəbdən Ermənistanın Azərbaycanın beynəlxalq aləmdəki uğurlarının qarşısını almaq üçün ən müxtəlif oyunlar quracağını erməni KİV-ləri açıq şəkildə yazıblar.
İndi nə baş verir; məhz Ermənistanın marağında olan bir məsələ – Azərbaycanın AŞPA-da təmsilçiliyinin dayandırılmasına dair müraciət azərbaycanlılar tərəfindən imzalanır və adıçəkilən quruma ünvanlanır. Çox maraqlı bir detal da var; sanki dövlət sirri imiş kimi, həmin imzalar bütöv şəkildə mediada yayımlanmayıb. Görünür, onların bəziləri – bu müraciətin ərsəyə gəlməsini təşkil edənlər erməni oyununda yer aldıqlarını bilirlər və o üzdən imzalar hələlik mətbuata açıqlanmır.
Özəl mənbələr vasitəsi ilə oradakı imzalarla tanış oldum; azı 80 faizi AXCP sədri Əli Kərimlinin ətrafında olan adamlardır, Milli Şura üzvləridir! O Əli Kərimlinin ki, hətta 2016-cı ilin aprel savaşları zamanı Azərbaycanda ermənilərin əlinə işləyən açıqlamalar verən yeganə siyasi lider olmuşdu…
İndi də həmin proses davam edir; diqqəti yayındırmaq və ictimai rəyi aldatmaq üçün isə belə şərt qoyulub ki, müraciətə siyasi partiya rəhbərləri imza ata bilməz. Amma sənəddəki imzaların böyük faizi Kərimlinin dəstəsində, Rusiya projesi olan Milli Şuradakı adamlardır!
Əlbəttə, maraqlıdır; Ermənistanın maraqlarında və hədəflərindən biri olan bu məsələnin ərsəyə gəlməsində də erməni izi, iştirakçılığı varmı, yoxmu…
Bunu araşdırıb ortaya çıxarmaq çox da çətin olmadı. Kiçicik bir araşdırma apardım və bəlli oldu ki, məlum oyunun təşkilatçısı, maliyyələşdirilməsi bir ermənipərəst təşkilat tərəfindən həyata keçirilir! Bu, yenə də PİN (People In Need) təşkilatıdır.
Hələ 2014-cü ildə Gürcüstanda keçirilən regional bir tədbirdə bu təşkilatın dolayısı ilə Ermənistanın təsiri altında olduğu, Azərbaycana qarşı kampaniya təşkil edildiyi üzə çıxmışdı və böyük bir skandal yaranmışdı. PİN haqqında mediada yayılmış faktlardan, iddialardan biri də odur ki, bu təşkilatın rəhbər şəxsləri 2010-cu ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən Dağlıq Qarabağ ərazisində orqan alveri ilə məşğul olduqlarına görə yaxalanıblar və “verbovat” ediliblər. Ermənistanın dəstəkçisi olan Rusiya PİN-dən həm də zaman-zaman Azərbaycana qarşı istifadə etmək imkanına da malikdir…
İlkin məlumat bundan ibarətdir ki, məhz ingiliscə variantda hazırlanan müraciətin hazırlanması işi PİN-in dəstəyi ilə həyata keçirilib.
Heç şübhəsiz, müraciətə imza atanların bir çoxu heç bu müraciəti tərcümə etdirib oxumayıblar da! Texniki olaraq imza atıblar, belə deyək ki, müəyyən qisim aldadılıb. Amma şüurlu olaraq bu sənədə imza atanların zaman-zaman ermənilərlə separat əməkdaşlığı olması sirr deyil və indiki əməkdaşlıq da həm şəxsi qisas və güman ki, maliyyə maraqlarıdır.
Müraciətdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, AŞPA-nın Azərbaycanın haqq savaşında – erməni məsələsində bizə dəstək verən təmsilçiləri də hədəfə alınıblar. Bu bizə onu düşünməyə tam əsas verir ki, məlum müraciət Ermənistanın, necə deyərlər, çörəyinin üstünə yağ çəkməkdir! Müraciətdə həmçinin, zaman-zaman Ermənistanın yanında olan, ermənilərə dəstək verən, Azərbaycanın xeyrinə olan qətnamələrə, layihələrə qarşı radikal münasibət sərgiləyən AŞPA üzvləri isə müdafiə olunur, “yaxşı oğlan” kimi təqdim edilirlər…
Nə qədər acı olsa da, bu müraciətdə azərbaycanlıların imzaları var və gələcəkdə də tariximizdə bir qara ləkə kimi keçəcək. Ermənistan isə elə bir neçə gün sonra bu müraciətdən Azərbaycan dövlətinə qarşı istifadəyə başlayacaq…
Bunlar məsələnin sırf çoxlarına bəlli olmayan və qara tərəfləridir.
İndi isə məsələyə digər kontekstdən yanaşaq. Lap qəbul edək ki, kimsə Azərbaycan hökumətinə bərk qəzəblidir və bu cür müraciətə imza atmaqla iqtidardan qisas almaq istəyir. Amma fakt bundan ibarətdir ki, Avropa təsisatlarında təmsilçilik Azərbaycan iqtidarından daha çox, Azərbaycanın vətəndaş cəmiyyətinə, Azərbaycan demokratiyasına lazımdır. Bu, aksiomdur.
Məgər hansısa düşüncəli azərbaycanlı bilmirmi ki, Azərbaycanın inkişaf perspektivləri Avropa təsisatları ilə əməkdaşlıqdan keçir? Əlbəttə, ağlı kəsən hər kəs bilir. Bu səbəbdən də belə bir müraciətin ünvanlanması ancaq dövlətçilik maraqlarına zərbədir, şəxsi ambisiya və maraqlardır, bilərəkdən və (ya) bilməyərəkdən Ermənistanın Azərbaycana qarşı oyunlarında iştirakçılıqdır.
VOİCEPRESS.AZ