Əmgək alnın yuxarı hissəsində təpə sümüklərinin arasında yerləşən və dəri ilə örtülü olub, sümüklə örtülü olmayan yümşaq hissəsidir.
Bəzən müəyyən xəstəliklər səbəbi ilə əmgəkdə dəyişikliklər olur. Bu baxımdan əmgəyin ölçülərini, bağlanma zamanını və quruluşunu yaxşı bilmək lazımdır. Əgər normadan kənara çıxmalar varsa müvafiq araşdırmalar aparılmalıdır. Əgər xəstəlik varsa o zaman diaqnoz dəqiqləşdirilməlidir.
Bizim isə bu yazımızda daha çox vurğulamaq istədiyimiz istisnayi hallardır. Belə ki, bir çox hallarda bu istisnalar normadan kənara çıxma kimi dəyərləndirilir və bu zaman uşağa yersiz dərman müalicələri tətbiq olunur. Biz burada onlardan ən mühümlərini qeyd edəcəyik.
1. Əmgəyin ölçüləri: Normada bu rəqəm 1sm ilə 4 sm arasında dəyişir. Əgər əmgəyin ölçüləri bu aralıqdadırsa o zaman əmgəyin müalicəsindən söz gedə bilməz. Bəzən əmgəyin ölçüsü bu rəqəmlərdən bir qədər də böyük və ya balaca ola bilər. Bəs bu kimi hallarda nə etməliyik? Bu kimi hallarda körpənin baş ölçülərinə baxılmalı və müayinə edilməlidir. Əgər nəticələr normaldırsa o zaman müalicəyə də ehtiyac yoxdur. Lakin bu körpələr yaxın nəzarətdə saxlanılmalıdırlar. Bu körpələr müəyyən aralıqlarla müayinə olunmalı, başın ölçüləri davamlı izlənməlidir. Birdən gələcəkdə əmgəyi erkən bağlanar, başı kiçik olar, körpədə kəllədaxili təzyiq yaranar deyib indidən müalicələrə başlamaq doğru deyildir. Çox vaxt bu körpələrdə hər hansı bir ciddi problem olmur və əmgək bizə hər hansı bir problem yaratmır. Yox əgər müşahidələr zamanı bunun əksi müşahidə olunarsa, yalnız bu zaman müvafiq müalicələr və araşdırmalar başlanılmalıdır.
2. Əmgəyin bağlanma müddəti: Əmgək normal körpələrdə 6-18 ci ay arasında istənilən vaxtda bağlana bilər. Bəzən əmgək bir az tez və ya gec də bağlana bilər. Bu kimi hallarda körpə müayinə edilməli, baş ölçüsü və başın böyümə dinamikasına baxılmalıdır. Ehtiyac olarsa müəyyən labaratuar analizlər və ya ultrasəs müayinələr də edilə bilər. Egər bu nəticələr normaldırsa onda hər hansı bir müalicəyə də ehtiyac yoxdur.
3. Bir məqamı da qeyd edək ki, əgər əmgək kiçikdirsə bütün dünyada belə bunu böyüdəcək hər hansı bir dərman yoxdur. Ona görə də əgər əmgək kiçikdirsə lakin körpənin baş ölçüləri normaldırsa bu zaman da heç bir müalicəyə ehtiyac yoxdur.
4. Əmgək kiçikdir, kəllə daxili təzyiq əmələ gələr deyib körpəyə müalicə başlamaq doğru deyildir. Elmi olaraq bilinir ki, kiçik əmgəklərdə belə çox vaxt kəllə daxili təzyiq əmələ gəlmir.
5. Sonradan bəlkə bir problem cixar deyib indidən körpəyə dərman müalicəsi vermək doğru deyildir. Çünki bu bir ehtimaldir. Elə bir ehtimal ki, sonradan fəsada çevrilmə ehtimalı çox azdır. Əgər fəsad əmələ gələrsə, o zaman müalicə başlanmalıdır. Bəlkə heç bir problem çıxmadı, onda necə? Körpənin bədəninə yeridilmiş bu qədər dərman preparatlarının ağır nəticələri necə olsun? Bu məqamda tibb ehtimallar üzrə hərəkət etmir.
6. Əmgək bağlandı, daha körpənin başı böyüməyəcəkdir fikri də doğru deyildir. Çünki baş, başı təşkil edən sümüklər arasında olan tikişlər vasitəsilə böyüməyə davam edir.
7. Əgər əmgək kiçikdirsə, və ya tez bağlanırsa, baş ölçüləri də normadan kiçikdirsə bu zaman müəyyən araşdırmalar aparılmalı və yalnız bundan sonra nəticələrə uyğun olaraq müalicələr aparılmalıdır.
8. Əmgəyi “kiçik” olan körpələrdə “D” vitamininin kəsilməsi doğru deyildir. Profilaktik olaraq verilən, kiçik dozada “D” vitamininin əmgəyin erkən bağlanmasına səbəb olması mümkün deyildir.
9. Əmgəyi “genis” olanlara və ya “gec” baglananlara, “ bunlarda Raxit xəstəliyi var” deyib kurs müalicələr, kalsiyum preparatları, kor-koranə D vitamini vermək doğru deyildir. Bir çox normal körpələr vardır ki, əmgəyi genişdir və ya gec bağlanır amma raxit deyillər. Əgər raxit xəstəliyinə şübhə varsa bu zaman mütləq olaraq qan analizləri verilməlidir. Çatışmamazlıq aşkarlanarsa, yalnız bundan sonra müvafiq müalicələr verilə bilər.
10. Əmgək məsələsində ən önəmli məqam körpənin başının böyüməsi və öz yaşına uyğun olmasıdır. Burada ümumi olaraq deyə bilərik ki, əgər körpənin fiziki və nevroloji inkişafı, başın böyümə dinamikası normaldırsa, əmgəyin dəyişik variantlarının bizim üçün hec bir əhəmiyyəti yoxdur. Onu da qeyd edək ki, bu kimi hallarda körpədə patoloji bir xəstəliyin olması demək olar ki mümkünsüzdür.
Amma təbii ki, nadir də olsa əmgək ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bunu vaxtında müəyyən etmək üçün körpəni yaş dövrlərinə uyğun olaraq mütəmadi həkim müayinəsindən keçirmək lazımdır.
11. Əmgəyin gərgin olması və ya pulsasiya etməsi. Bu vəziyyət bəzi ciddi xəstəliklərin əlaməti ola bilər. Amma unudulmamalıdır ki, hətta normal körpələrdə də bəzən bu kimi hallar ola bilər. Hansı ki bu normal bir haldır və heç bir müalicəyə də ehtiyac yoxdur.
Mənim bu yazımda məxsusən vurğulamaq istədiyim bundan ibarətdir: Bir çox hallarda “əmgək” körpənin həyatı üçün hər hansı bir ciddi problem yaratmır. Lakin buna baxmayaraq körpələri aylarca davam edən müalicələrə məruz qoyurlar. Bu hal qətiyyən doğru deyildir. Əmgəyin tez və ya gec bağlanması, geniş və ya kiçik olması əksər hallarda körpələrdə hər hansı bir fəsadlara səbəb olmur. Bu elmi və eyni zamanda statistik nəticədir. Buna görə də körpələri yersiz müalicələrə məruz qoymaq doğru deyildir.
Uzman Dr. Altay Abdullaoğlu / Pediatr-Neonatoloq
Aysel İsgəndərova
VOİCEPRESS.AZ