Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev ABŞ-ın tədqiqatçı alimi Alan Akselrodun “Liderlik dərsləri” silsiləsindən “Yuli Sezar” kitabını Azərbaycan dilinə tərcümə edib.
VOİCEPRESS xəbər verir ki, “Qanun” nəşriyyatı tərəfindən çap olunan kitabda müəllif Sezarı tarixdə istedadlı sərkərdə və mütəfəkkir, savadlı diktator və gözəl natiq, imperiyanın memarı və siyasi xadim, mütləq imperator hakimiyyətinə öz səyləri ilə nail olmuş dövlət adamı kimi səciyyələndirir. Alan Akselrod maraqlı təhkiyə formasında nümayiş etdirir ki, qədim dövrün siyasətçilərinin əməlləri müasir iri korporasiyalar və biznes sahibləri, habelə top menecerlər üçün nümunə olar bilər. 92 fəsil – dərsdən ibarət olan kitabda Sezarın karyerası boyunca rast gəlməli olduğu çətinliklərdən, bu böyük sərkərdənin strateji və taktiki üsullardan istifadə etməsi müasir liderlər üçün sərfəli ola bilər.
Qeyd etmək lazımdır ki, Alan Akselrod – bir çoxu bestseller olan tarix, menecment və biznesin idarə olunmasına dair 80 kitabın müəllifi, fəlsəfə doktoru, CNN, CNBC, Fox, MSNBC telekanallarının və radionun, o cümlədən NPR-in daimi qonağı olur. Akselrod və onun kitabları “ Fortune”, “Men’s Health” və “USA Today” kimi nəşrlərdə xatırlanır.
Professor H.Vəliyev həmin silsilədən olan “Qandi” kitabı üzərində da işləyir.
VOİCEPRESS.AZ