Bakıda “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçirilir

0
314300

Yanvarın 25-də Azərbaycan Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar işə başlayıb.

VOİCEPRESS xəbər verir ki, seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi, P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Seminarın açılışında Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova seminarların əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, seminarlar çərçivəsində zərgərlik sənəti ilə bağlı müvafiq məlumatlar verilməklə yanaşı, həmçinin bu sahədə iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Seminara Azərbaycan, Gürcüstan və Rusiyadan olan zərgərlik kolleksiyalarının kuratorlarının qatıldığını deyən Şirin Məlikova söyləyib ki, eyni zamanda, burada məşhur zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, habelə bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edirlər.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev çıxış edərək seminarın təşkil olunmasını yüksək qiymətləndirib.

Diqqətə çatdırıb ki, seminarda “Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi”, “Zərgərlik nümunələrinin bərpa və konservasiyası”, “Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı”, “Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması”, “Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi”, “İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər” mövzusunda mühazirələr dinləniləcək.

Bildirilib ki, yanvarın 27-dək davam edəcək seminar çərçivəsində Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası təşkil olunacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here