Azərbaycanlılar Avropa ictimaiyyətinə müraciət ünvanladı

23 Yanvar, 13:59

Avropa Azərbaycanlıları Konqresinin (AAK) 20 Yanvar faciəsi ilə bağlı Avropa parlamentinə, Almaniya əyalət parlamentlərinə müraciət ünvanlayıb.

VOİCEPRESS xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən milli.az-a bildiriblər ki, Müraciətdə Azərbaycan xalqının tarixinə “Qara Yanvar” kimi daxil olmuş hadisələr haqqında məlumat verilir və hər il faciə qurbanlarının Azərbaycanda və dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edildiyi bildirilir.

Müraciətdə, həmçinin Azərbaycanın müstəqilliyinin yenidən bərpası uğrunda 1988-ci ildən 1990-cı ilə qədər aparılan mübarizə, Sovet rejiminin amansız qəddarlıqla buna qarşı çıxması haqqında geniş məlumat verilir və 1990-cı il yanvarın 19-da SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov tərəfindən 66 minlik ordunun Bakıya göndərildiyi qeyd edilir. Məktubda yanvarın 20-nə keçən gecə sovet ordusunun silahsız, dinc əhaliyə hücumu nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü təəssüflə vurğulanır.

Daha sonra bildirilir ki, Sovet rejiminin bütün cəhdlərinə baxmayaraq, 1991-ci il il avqustun 31-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin haqqında Konstitusiya Aktı” qərar qəbul edilib və həmin il oktyabrın 18-də qərar qüvvəyə minib, bununla da Azərbaycan öz müstəqilliyinə nail olub.
Bundan başqa, yanvarın 19-da AAK-nın rəhbəri Samira Patzer-İsmailova Köln şəhərindəki Şərqi Avropa Forumunun direktoru xanım Valeri Hahn ilə görüşüb. Sovet ölkələrinin siyasi tarixi və müasir dövrdəki inkişafına dair araşdırmalar aparan bu Forum Şərq-Qərb münasibətlərinin mövzularına dair mühazirələr təşkil edir, tarixi həqiqətlərin açıqlanmasına yardım edir. Valeria Hahn söhbət əsnasında hadisələr haqqında ilk dəfə dəqiq və ətraflı məlumat aldığını etiraf edib, sənədlərlə tanış olaraq, 20 Yanvar faciəsinə Avropa məkanında lazımı diqqət ayrılmadığını qeyd edib. Görüşün sonunda Forum direktoru gələcək fəaliyyətlərində 20 Yanvar mövzusunun tədbirlər proqramına daxil edilməsini təklif edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here