Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.
ETSN-nin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, 2016-cı il ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 213 yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb.
Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriya Respublikalarının 16 vətəndaşı saxlanılıb.
Bundan başqa, ötən il ərzində inzibati xəta törətmiş yerli və əcnəbi qanun pozucuları barəsində protokollar tərtib edilib, ümumilikdə 200 nəfər inzibati qaydada 193317 manat məbləğində cərimə olunub. Xarici vətəndaşların ov aləti kimi istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb və 29 fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması (deportasiya) və gələcəkdə Azərbaycana buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.
Qeyd edək ki, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
VOİCEPRESS.AZ