Xəbər verildiyi kimi, dünən, yanvarın 26-da Minsk məhkəməsi bloqer Aleksandr Lapşinin apellyasiyasına baxıb və onun Bakıya ekstradisiyası haqda qərarı qüvvədə saxladığını elan edib.
VOİCEPRESS virtualaz.org-a istinadən xəbər verir ki, İsrailin “Haaretz” qəzeti diplomatların Bakıya əngəl olmaq cəhdlərinin, hələ ki, nəticə vermədiyini, əməkdaşlıq davam etdirilsə də, nəyəsə nail olacaqlarına artıq inanmadıqlarını yazır.
Aleksandr Lapşin dekabrda Minskdə Bakının tələbiylə tutulub. Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı “müstəqil ölkə” adlandırması, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlarıdır. 40 yaşlı bloqer həm İsrail, həm də Rusiya vətəndaşıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə mətbuatla görüşündə Lapşinin ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqeri azad etdirmək ümidlərini artırmışdı.
“Haaretz”in yazdığına görə, hətta Moskvadakı səfir Gary Koren Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb, Moskvanın Bakıya təsir göstərməsini istəyibmiş. Bütün bunlara baxmayaraq, yanvarın 18-də Belarusun baş prokurorunun müavini Aleksey Stuk Lapşinin ekstradisiyası haqda sərəncam imzalayıb. Bloqerin vəkili sərəncama etirazını bildirərək, məhkəməyə müraciət edib. Minsk məhkəməsinin dünənki qərarından sonra Belarusun Ali Məhkəməsinə müraciət göndərilib, Ali Məhkəmə məsələyə fevralın 4-də baxacaq. “Haaretz” qəzeti isə İsrail rəsmilərinə istinad edərək, bloqeri Bakıya aparacaq təyyarənin artıq Minskə endiyini yazır.
Keçən həftə İsrail rəsmiləri daha nikbin idilər. Onlar bloqerin Azərbaycan prezidentindən yazılı üzr istəməsini, bununla da məsələnin bağlanmasını istəyirdilər. Ancaq Bakı məsələyə gözlənildiyindən prinsipial yanaşıb, “Haaretz”in bir İsrail rəsmisindən aldığı bilgiyə görə, bu təklifi də rədd edib. Təhvil verilsə, Lapşini Azərbaycanda 8 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Lapşinin Azərbaycana ekstradisiyasından ən çox Ermənistan təşviş keçirir, bunun Qarabağa qanunsuz səfər edən başqa xarici vətəndaşlar üçün də presedentə çevriləcəyini, onları belə səfərlərdən çəkindirəcəyini nəzərə alır. Bu isə son illər işğal altındakı Azərbaycan ərazilərində turizmi inkişaf etdirmək istəyən Ermənistan üçün ciddi zərbə olardı. Məhz bu səbəbdən rəsmi Bakı məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində baxır və İsraillə möhkəm tərəfdaşlıq münasibətlərinə baxmayaraq bu ölkənin bloqerin təqib olunmasını dayandırmaq barədə israrlı xahişlərini yerinə yetirmir. Azərbaycan üçün bloqerin Bakıya ekstradisiyası onu gözləyən cəza müddətini çəkməsə belə, mühümdür. Rəsmi Bakı bu ekstradisiyaya nail olduqdan sonra bloqerin barəsində əfv qərarı çıxarıb onu İsrailə təhvil verə bilər.
VOİCEPRESS.AZ