Ermənistanla Azərbaycan sərhədindəki problemlər daha çox Ermənistanla yox, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.
VOİCEPRESS milli.az-a istinadən bildirir ki, Qazaxıstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Timur Urazayev news.am-a verdiyi müsahibəsində belə deyib.
MDB ölkələriniq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin effektivliyi Ermənistanda narazılıq yaradıb. Daha doğrusu, Ermənistan prezidenti Serj Sarkisyan indiyədək dəfələrlə bəyan edib ki, İrəvan KTMT-nin üzvü olsa da, Dağlıq Qarabağ münaqişəsi prosesində KTMT ölkələri ermənilərə aşkar, açıq yardım etmirlər.
Sarkisyan bu minvalla KTMT ölkələrindən “konkret yardım”lar formatında Azərbaycana təzyiqlər və pressinqi gözlədiyinə işarə vurub.
T.Urazayev rəsmi İrəvanın nəzərində “sevilməyən” adamlardan biridir.
“Ermənistanla Azərbaycan arasındakı münasibətlərə gəldikdə isə, əvvəla, KTMT-nin Nizamnaməsində açıq-aydın yazılıb ki, təşkilata üzv ölkələr bu quruma üzv olmayan hər hansı dövlət tərəfindən aşkar aqressiya faktı olarsa, aqressiyaya məruz qalmış üzv ölkəyə yardım edir. Ermənistan-Azərbaycan sərhədinin Ermənistanın Tavuş rayonunda olan hissəsi də Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri ilə sərhəddədir. Biz əvvəlcədən – Qazaxıstanda da, Rusiyada da, KTMT-nin başqa ölkələrində də – ilk əvvəldən dəqiq və şəffaf mövqe tutaraq bəyan etmişik ki, əgər söhbət ərazi problemlərinə dəxli olmadan üçüncü ölkənin aqressiyasından gedirsə, bu, bir məsələ – problem Dağlıq Qarabağ münaqişəsidirsə, başqa məsələdir. Ona görə də Qazaxıstanın mövqeyi ədalətli və konkretdir. Biz Dağlıq Qarabağ münaqişəsini KTMT Nizamnaməsi çərçivəsində həll olunan məsələlərdən kənara çıxarırıq. Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həllini istəyirik. Çünki bu problemin hərbi yolla həlli yoxdur”, – Qazaxıstanın Ermənistandakı səfiri deyib.
T.Urazayevin suala cavabı erməni jurnalistlər üçün açıqlamadan daha çox Ermənistan rəhbərliyinə ünvanlanmış konkret və dəqiq mesajdır.
Bununla da o, Ermənistan prezidenti Serj Sarkisyana da cavab vermiş oldu. Çünki rəsmi İrəvan hər vəchlə KTMT-dən “tam dəstək” almağa, bu qurumu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə “cəlb” etməyə çalışır. Daha doğrusu, ermənilər KTMT-dən Azərbaycana qarşı istifadə etməyə can atır, bu qurumu Bakıya qarşı yönəltmək üçün bütün vasitələrə əl atırlar.
KTMT-nin artıq sabiq sədri Nikolay Bordyujanı “ələ alan” Ermənistan bu başabəla general-polkovniki Dağlıq Qarabağdakı separatçı, terrorçu rejimi “müstəqil dövlət” kimi tanıması barədə bəyanatla çıxışa sövq etmişdilər.
Bordyujanın absurd, hətta sərsəm açıqlamasını ilk pisləyən, qətiyyətlə tənqid edən elə KTMT üzvü Qazaxıstan oldu. Daha sonra Belarus, Qırğızıstan və Tacikistan da N.Bordyujanın açıqlamasının KTMT-nin rəsmi mövqeyini əks etdirmədiyini bəyan etdilər.
Ötən ilin aprelində, Dağlıq Qarabağda ermənilərin ordumuzun mövqelərinə hücumunun qarşısı alınanda və Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuum nətiicəsində Ermənistanın sarsıdıcı zərbə alması ilə müşayiət olunan “dördgünlük savaş” əsnasında da rəsmi İrəvan KTMT-dən “dəstək” gözləyirdi.
Həmin günlərdə Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən toplantısına Qazaxıstan prezidenti Nursultan Nazarbayev qatılmamışdı. Qazaxıstanın dövlət başçısının bu qərarını ermənilər özlərinə qarşı demarş saymış, Ermənistandha Qazaxıstana qarşı aqressiv kampaniya başlanmışdı. İş o yerə çatmışdı ki, Nursultan Nazarbayevin adı verilmiş küçəyə də ermənilər “əl gəzdirmiş”, küçənin adını dəyişmişdilər.
Qazaxıstanın Ermənistandakı səfirinin çox konkret açıqlamasından sonra Ermənistanda Astanaya qarşı yeni kampaniyanın başlanması istisna deyil.
VOİCEPRESS.AZ